BAKI, 19 mart — Sputnik. Uşaq yazıçısı Sevinc Nuruqızının "Melisa" nağıl-romanı Türkiyədə keçirilən 9. İlesam-Akçağ uşaq ədəbiyyatı roman, hekayə və nağıl - 2018 müsabiqəsində roman nominasiyasının qalibi olub.
Sputnik Azərbaycan xəbər verir ki, bir sıra türk dövlətlərindən uşaq ədəbiyyatı yazarlarının iştirak etdiyi müsabiqədə birincilik qazanan əsərlər kimi yazıçının həmin əsəri "Akçağ" yayın evi tərəfindən kitab şəklində nəşr olunub.
Sevinc Nuruqızının "Melisa" nağil-romanı 9-14 yaş uşaqların mütaliəsi üçün nəzərdə tutulub. Əsərdə balaca oxucular həyat həqiqətlərini əks etdirən, cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanlar xarakterik obrazları, müxtəlif ailələrdə yaşayan həmyaşıdlarının həyatı ilə tanış olur, valideyn himayəsindən məhrum olan uşaqların çətinliklərlə apardığı mübarizəni izləyirlər. Kitabı Türkiyə türkcəsinə İmdat Avşar tərcümə edib, illüstrasiyaların müəllifi gənc rəssam Tahirə Quliyevadır.
Kitabda "Melisa" ilə yanaşı " Ciya ilə iki gün", "İpəkcənin macəraları" və "Ay, yoxsa yemiş dilimi" əsərləri də daxil edilib.