BAKI, 18 mart — Sputnik. "Eurovision Hub" "youtube" platformasında Azərbaycanın "Avroviziya" təmsilçisi Samirə Əfəndinin "Mata Hari" mahnısı müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, sözügedən onlayn müzakirəyə Ermənistandan olan rəqqas Miko da qatılıb. O, Azərbaycanın təqdim etdiyi layihə barədə müsbət fikirlər səsləndirərək mahnını, xüsusilə milli musiqimiz olan "Yallı"nın ifa olunduğu hissəni çox bəyəndiyini bildirib, bu cür elementlərin Qafqaz regionu üçün ortaq nöqtə olduğunu qeyd edib.
Miko daha sonra "youtube"da rəy yazan insanlara münasibət bildirərək sülh çağırışı edib: "Siyasət və müharibə haqqında unutmaq həqiqətən çətindir, çünki hər iki ölkə çətin anlarla qarşılaşır. Amma dəyişiklik bizdən başlayır! Hər birimizdən!
Hər iki ölkənin insanları yuxudan oyanıb həyatın qısa olduğunu və nifrətin heç bir faydası olmadığını başa düşənə qədər gəlin "Mata Hari"ni dinləyək!
Bu nifrətin, müharibənin, siyasətin dayanmasını istəyən tək mən deyiləm. Ümid edirəm, gələcəkdə və ya heç olmasa gələcək nəsillərdə bəzi irəliləyişlər görə biləcəyəm. Çox təəssüf ki, hər iki ölkənin və insanlarının bir-biriləri üçün edə biləcəkləri çox şey var və əziyyət çəkənlər sadə insanlardır və heç kim buna layiq deyil".
Qeyd edək ki, "Mata Hari" dünya musiqi patformalarında yer tutub. Layihənin həsr edildiyi Mata Harinin vətəndaşı olduğu Niderlandda 50-ci sırada (iTunes), İsveçdə 20, İsveçrədə 64, Belçikada 139, Türkiyədə 156, Birləşmiş Krallıqda 197, Almaniyada 261, Rusiyada 279, İtaliyada 318-ci sırada qərarlaşıb.
Sözügedən layihə Azərbaycanda 3-cü (iTunes), "YouTube" trendində də 3-cü yerdədir.