BAKI, 17 mart — Sputnik. Martın 17-də Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, 19 ünvanında yerləşən Humanitar kollecin (keçmiş Mədəni Maarif Texnikumu) yataqxanasının həyətində bir-birinə bitişik, kustar üsulla taxta materialdan inşa edilmiş tikililərdə yanğın olub, nəticədə 150 kv metr sahə yanıb. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yanğın barədə məlumat aldıqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində obyektdə müvəqqəti məskunlaşmış 5 məcburi köçkün ailəsi və bir Tərtər rayon sakininin mənzilində yanğın olduğu məlum olub. Mənzillərinə ziyan dəymiş məcburi köçkün ailələrinin üçü Ağdam, ikisi Füzuli rayon sakinidir. Yanğın nəticəsində, ümumilikdə altı mənzilə ziyan dəyib.
Füzuli rayon sakini Quliyev Hikmət Fazil oğlunun, Ağdam rayon sakinləri Əliyev Ramiz Balakişi oğlu və Həsənov Azər Fazil oğlunun yaşayış sahəsinə, Ağdam rayon sakini Hüseynov Cahankeş Nüsrət oğlunun qeyri-yaşayış sahəsinə ziyan dəyib.
Füzuli rayon sakini Qasımov Ramil Amil oğlu həmin ünvanda yaşamır. O, Koroğlu Rəhimov küçəsində yerləşən fərdi mənzildə qeydiyyatdadır.
Müvəqqəti yaşayış yerlərinə ziyan dəymiş məcburi köçkünlərin yerləşdirilməsi üçün tədbirlər görülür.
Yanğın baş vermiş ərazidə 300 ailə müvəqqəti məskunlaşıb. Digər yaşayış sahələri, eyni zamanda yataqxana yanğından mühafizə olunub.
Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq.
Qeyd edək ki, təxminən son bir ay ərzində bu, paytaxtda üçüncü oxşar yanğın hadisəsidir. Fevralın 24-də, Bakıya güclü qar yağan gün, Tbilisi prospektində məcburi köçkünlərin məskunlaşdığı yeddimərtəbəli yataqxana binasının damında ümumi sahəsi 250 m² olan yaşayış sahəsinin (artırma tikililər) yanar konstruksiyaları (daş, dəmir, taxta və digər konstruksiyalardan ibarət) 200 m² sahədə yanmışdı.
Martın 5-də isə paytaxtın Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasının damında taxta konstruksiyalardan ibarət artırma tikililər 50 m² sahədə yanıb.