Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 17 mart - Sputnik. Ermənistan Azərbaycan ərazisinə hərbçilər göndərmək cəhdlərini dayandırmalıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyanın xarici işlər naziri İvan Korçok ilə görüşün yekunlarına dair keçirdiyi birgə mətbuat konfransında bildirib.
Nazir vurğulayıb ki, bu fakt Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatın müddəasının pozulması ilə yanaşı, həmçinin regionda sülh və sabitliyin təmin olunması prosesinə də təhddidir.
Ceyhun Bayramov, həmçinin qeyd edib ki, döyüş əməliyyatlarının bitməsinə baxmayaraq Ermənistan tərəfi hələ də mina xəritələrini Azərbaycana təqdim etməyib: "Müharibədən sonra işğaldan azad olunan ərazilərdə minaların partlaması nəticəsində 18 vətəndaşımız həlak olub, 79 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Hesab edirik ki, bu istiqamətdə dünya dövlətləri və beynəlxalq təşkilatlar səssiz qalmamalı və Ermənistana konstuktiv mövqe baxımından əməli təzyiqlər və təsirlər edilməlidir".