Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 17 mart — Sputnik. Artıq 13 ildir ki, Azərbaycan hər il "Avroviziya" mahnı müsabiəsində iştirak edir. 2007-ci ildə Azərbaycan İctimai Televiziyanın Avropa Yayım İttifaqının üzvü olduqdan bir il sonra birinci dəfə qitə miqyaslı müsabiqəyə qatıldı. Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutan 53-cü Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı Elnur Hüseynov və Samir Cavadzadə "Day After Day" mahnısı ilə təmsil etdilər və 132 xalla 8-ci yeri tutdular.
On üç illik "Avroviziya" tariximizdə cəmi iki dəfə öz müəlliflərimizin mahnısı müsabiqədə iştirak edib. İlk debüt mahnımızın sözləri Zəhra Bədəlbəylinin, musiqisi isə Gövhər Həsənzadənin idi. Digəri isə 2017-ci ildə Kiyev şəhərində keçirilən müsabiqədə Azərbaycanı təmsil edən Diana Hacıyevanın "Skeletons" mahnısıdır ki, həmin bəstənin müəlliflərindən biri İsa Məlikov olub. Maraqlıdır, görəsən, niyə bu illər ərzində öz bəstəkarlarımızın mahnıları müsabiqədə yer almayıb? Ümumiyyətlə, "Avroviziya" mahnı müsabiqəsinə seçilən mahnılar necə təyin olunur?
Bütün bu sualları yönləndirdik müsabiqənin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri İsa Məlikova. Bəstəkar və prodüser müsabiqənin qaydaları haqqında Sputnik Azərbaycan-a danışıb: "Mahnı seçimləri "Avroviziya" mütəxəssislərindən ibarət beynəlxalq fokus-qrupunun səsverməsi əsasında seçilir. Mahnıları müxtəlif ölkələrdən olan musiqiçilər, prodüserlər seçirlər. O mahnılar seçimlərə çıxarılanda orada yazılmır ki, bu, Azərbaycan bəstəkarının mahnısıdır, ya da başqa ölkənin bəstəkarıdır. Ölkə yox, mahnı seçilir. Mahnılar nömrələnir, nömrə ilə seçilir. Mahnı seçimləri çox şəffaf aparılır. Ən güclü mahnı seçilir. Burada hansısa dövlətin yox, ən güclü mahnının qalib gəlməsidir əsas".
"Hazırda hazırlıq mərhələsi davam edir. Vokal, rəqs və Samirənin ingilis dili bacarığının üzərində hazırlıq davam edir. Müsabiqənin hansı formatda keçiriləcəyi barədə hələ ki dəqiq qərar yoxdur. Çox güman ki, bütün ölkələr yığışacaq", - deyə İ. Məlikov bildirdi.
Qeyd edək ki, Azərbaycanı "Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək Samirə Əfəndi "Mata Hari" adlı mahnısını və ona çəkilmiş klipi təqdim edib. Klipdə S.Əfəndi kurtizanka, rəqqasə və casus Mata Hari obrazında görünüb. Xatırladaq ki, "Mata Hari" mahnısının müəllifi və prodüseri Hollandiya triosu – Emi van der Uel, Luk van Birs və Toni Kornelissendir.
"Avroviziya" müsabiqəsinin milli yayımçısı olan Azərbaycan İctimai Televiziyasından (İTV) bir qədər əvvəl verilən məlumata görə, mahnı yerli və xarici müəlliflərin təqdim etdiyi 229 kompozisiya arasından seçilib.
Bu il Rotterdamda (Hollandiya) keçiriləcək "Avroviziya" müsabiqəsinin yarımfinal konsertlərinin mayın 18-də və 20-də başa tutacağı gözlənilir. Pandemiya səbəbindən yarış yeni qaydalarla təşkil olunacaq. Belə ki, iştirakçılar bek-vokalı əvvəlcədən fonoqrama yazdırıb çıxış etdikləri vaxt onu "canlı" ifaları ilə birləşdirə biləcəklər. İfaçıların bu imkandan istifadə edib-etməmək hüququ var.