BAKI, 17 mart — Sputnik. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) məlumatına görə, ölkədə baş verən yol qəzalarının əksəriyyəti VAZ markalı avtomobil sahiblərinin iştirakı ilə törədilir. Belə ki, keçən il sığorta şirkətləri "Lada" avtomobilləri ilə toqquşması nəticəsində baş vermiş 3829 hadisə qeydə alıblar. Bu rəqəm nəqliyyat vasitələri arasında ən yüksək göstəricidir.
2020-ci ildə formalaşdırılan sığorta tələblərinin sayına görə, ikinci yeri "Mercedes" markalı maşınlar tutur. Dəymiş zərərə görə sığorta məbləğinin ödənilməsi üçün sığorta şirkətlərinə müraciətlərin 3771-i məhz bu avtomobil sahiblərinin payına düşür. Siyahıda üçüncü yeri "Hyundai" sahibləri tutur. Onların törətdiyi qəzaya görə 1494 sığorta hadisəsi qeydə alınıb. Bundan başqa, ilk onluğa daxil olanlar arasında "Opel" (932), "Toyota" (901), "Ford" (805), "Kia" (706), "Daewoo" (537), BMW (520) və "Nissan" (485) da var.
Bununla yanaşı, məlum olub ki, göstərilən dövr ərzində sığorta şirkətinə müraciətlə nəticələnən yol qəzalarında ən çox "Mercedes" markalı avtomobillərin sahibləri zərər görüb. 2020-ci ildə belə müraciətlərin sayı 2187-ə bərabər olub. Sonrakı yeri 1604 müraciətlə "Lada" maşınları tutur. "Hyundai" və "Toyota" ilə bağlı 860, "Opel"lə bağlı 609, "Kia" ilə bağlı 474, "Nissan"la bağlı 383, BMW ilə bağlı 313, "Ford"la bağlı 248, "Chevrolet"lə bağlı isə 257 müraciət daxil olub.
Sığorta şirkətlərindən verilən daha bir maraqlı məlumat isə yol qəzalarının əsas səbəbkarlarının kişilər olmasıdır. Belə ki, ölkə üzrə baş verən yol qəzalarının 96 faizi məhz kişilərin günahı ucbatından törədilib.