Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 16 mart — Sputnik. "II Qarabağ müharibəsi bir daha xalqımızın birliyini göstərdi. Artıq 30 ilə yaxın idi ki, biz bu zəfər gününü gözləyirdik". Bunu "Maştağa" ləqəbli Vidadi Ağagülov Sputnik Azərbaycan-a II Qarabağ müharibəsi ilə bağlı danışarkən deyib.
O, 1990-cı illərdə gedən Qarabağ müharibəsini xatırladıb:
"Biz elə 90-cı illərdəki xalqıq, ruhumuz da elə həmin ruhdur. O vaxt da irəliləmişdik, bir sıra əraziləri azad etmişdik. Sadəcə olaraq vahid komandanlıq olmadığından, siyasi söhbətlər və hakimiyyət uğrunda gedən davalara görə qüvvələr param-parça idi, tabeçilik yox idi. Nəticədə o torpaqları da qurban verdik, şəhidlərimiz də qurban getdilər. Siyasi oyunlar oldu. Lakin oğullarımız elə həmin oğullar, həmin igidlərdir. Bu xalqın ömür boyu döyüşən gücü olub və bu, yenilməz bir güc olub".
V.Ağagülov deyir ki, ruh yüksəkliyi və inam Azərbaycan ordusunu irəli, qələbəyə doğru apardı: "Bizim ordu 21-ci əsr müharibəsinin nə olduğunu göstərdi, hegemon dövlətləri belə adımızdan söz etdirdik. Bu gün dünya ölkələri Azərbaycanın müharibə təcrübəsindən danışır. Qələbə üçün əsas rol oynayan faktorlardan biri də inam idi. Rəhbərliyə, orduya, generallara inam bizi qələbəyə doğru apardı. Bizim igidlər döyüşlərdə mümkünsüzü belə mümkün etdilər. Çünki xalqımızın qəlbində ata-baba ruhu var və bu ruh hər zaman yaşayacaq".
1990-cı illərdə idarəçilikdə yol verilən səhvlər, torpaqlarımızın işğal olunması isə 30 ilə yaxındır ki, onun qəlbini qubar edib. O, uzun illər müharibə arzusu ilə yaşayıb: "Mən müharibənin başlaması arzusu ilə yaşayırdım. Arzulayırdım ki, Qarabağ müharibəsi başlasın və bu döyüşlərdə iştirak edim ki, gələcək nəsillər üçün müharibə qalmasın.
Arzu edirdim ki, bu yük boynumuzda qalmasın. Əsas odur ki, şəhidlərimizin qanını aldıq. İndi isə bu qələbəni bərkitməyin zamanıdır. Bunun üçün Ali Baş Komandanın ətrafında birləşməliyik".
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində ürəyindən güllə yarası alan və 28 il o gülləni ürəyində daşıyan “Maştağa” ləqəbli qazimiz Ağagülov Vidadi 44 günlük Vətən müharibəsində yenidən ön cəbhədə olub. O deyir ki, Qarabağa ayaq basandan sonra 28 ildir ki, ona əziyyət verən güllənin artıq heç bir ağrısını hiss etmir.
Özü şəhid ailəsindən olan həmsöhbətimiz 2019-cu ilin dekabrında Ali Baş Komandan tərəfindən ona hədiyyə edilən evi şəhid ailəsinin yeni evlənən övladına bağışlayıb.