Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 16 mart — Sputnik. "Hüquqi mexanizmin formalaşdırılması enerji keçidinin özəl investisiya hesabına həyata keçirilməsi üçün mühümdür".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
O bildirib ki, bu baxımdan "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında", "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanun layihələrinin hazırlanması mühüm əhəmiyyət kəsb edir və məndə olan məlumata əsasən, tezliklə Milli Məclisə təqdim ediləcək: "Bu qanunların qəbul edilməsi, müəyyən edilmiş hədəflərə, o cümlədən Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"dən biri kimi müəyyənləşdirilmiş yaşıl enerji məkanının formalaşdırılmasına ciddi töhfə verəcək".
"230 MVt gücündə günəş enerjisi layihəsinin icrası üçün yaxın müddətdə müqavilənin imzalanması nəzərdə tutulur. Bu da davam edən COVID-19 pandemiyası və 44 günlük Vətən müharibəsinə baxmayaraq investisiya şirkətlərinin Prezident İlham Əliyevin ölkədə yaratdığı investisiya mühitinə olan etibarın, inamın bariz nümunəsidir", - deyə o əlavə edib.