BAKI, 16 mart — Sputnik. Deputat Fəzail Ağamalı parlamentin bu gün keçirilən iclasında Mərkəzi Bankı sərt tənqid edib.
Sputnik Azərbaycan xəbər verir ki, deputat cehiz krediti deyilən istehlak kreditlərinin ailə quranların faciəsinə çevrildiyini söyləyib: "50-60 min manat kredit götürüb sahibkarlıqla məşğul olmaq istəyən iş adamları kiçik bir uğursuzluğa düçar olanda, kreditin ödənişini gecikdirəndə əlavə faizlərlə, cərimələrlə fantastik rəqəmə çevrilən kreditin əvəzinə girov qoyduğu 200-250 minlik daşınmaz əmlakını dərhal məhkəmənin hökmü ilə müsadirə edirlər. Sual olunur: Bu cür yanaşma, bu qədər yüksək faiz, bu qədər pula hərislik hansı ölkədə, hansı ölkənin bank sistemində var?".
"İndi biz hər bir manata belə qənaət edib, onu Böyük Qayıdışa yönəltməliyik. Mərkəzi Bankın sədri elan edir ki, 31 mərtəbəli 430 milyon manatlıq Mərkəzi Bankın yeni binasının tikintisi üçün tenderin qalibi müəyyən olunub. Baş bankirə xatırlatmaq istərdim ki, həmin pulla indiki bazar qiymətilə yüksək standartlara cavab verən 1720000 m2 mənzil və yaxud 12300 yaşayış evi, bir necə məktəb, xəstəxana, uşaq baxçası və digər sosial obyektləri tikib istifadəyə vermək olar", - deyə o, qeyd edib.
Deputat bildirib ki, bu cür anormal bank sistemində ciddi islahatlara böyük ehtiyac var: "Tam əminəm ki, nə qədər indiki bank siyasəti mövcuddur, nə qədər ki, bank-pul–krediti icrasında fundamental dəyişikliklər aparılmayıb, vətəndaş-bank münasibətləri hazırkı bataqlıqdan çıxmayacaq. Eyni zamanda, "Bank haqqında" qanun yenidən işlənilməli, Mərkəzi Bankın şəffaf olmayan maliyyə fəaliyyətinə, ştat cədvəlinin və illik smetasındakı müstəqilliyə son qoymalı və bu səlahiyyətlər Milli Məclisə verilməlidir. Dünyanın milyardlarla vəsaiti olan böyük banklarının Azərbaycana gətirilməsi önəmli olardı. Bu praktikanı ölkələrində tətbiq edən Cənubi Koreya, Sinqapur, Yaponiya və Çinin reallığı göz önündədir".
"Nazirlər Kabinetinin hesabatını yüksək qiymətləndirir və növbəti ildə hökumətimizə uğurlar arzulayıram", - deyə Ağamalı əlavə edib.