Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 16 mart — Sputnik. "2021-ci il və qarşıdakı illərdə büdcə vəsaitlərindən səmərəli və qənaətli istifadə olunmasına nəzarətin daha da gücləndirilməsi ilə bağlı tapşırıq verilib".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatını təqdim edərkən deyib.
Baş nazir bildirib ki, dövlət müəssisələrində şəffaflığa diqqət ediləcək və şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq:
"Dövlət layihələrinin səmərəliliyi artırılmalıdır. Nazirlər Kabineti dövlət başçısının bütün tapşırıqlarını vaxtında və keyfiyyətlə icra edəcək. Antikorrupsiya tədbirləri ardıcıl şəkildə aparılır və bütün sahələri əhatə edir. 2020-ci ildə institusional sahədə həyata keçirilən islahatlar davam edib. Bununla yanaşı, kadr islahatları, korrupsiya ilə mübarizə, şəffaflığın artırılması, kölgə iqtisadiyyatının məhdudlaşdırılması istiqamətində görülən tədbirləri xüsusi qeyd etmək lazımdır".
O bildirib ki, ordumuzun yüksək texniki təchizatı hər zaman olduğu kimi bundan sonra da prioritet olacaq: "Vaxtilə alınmış müasir silah və texnika Vətən müharibəsində uğurla tətbiq olundu və sınaqdan çıxdı. Təsadüfi deyil ki, Azərbaycan ordusunun tətbiq etdiyi müasir silah və taktikalar beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Təəssüflər olsun ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə həmin əraziləri viran qoyub. Azərbaycan işğaldan azad edilmiş ərazilərə həyatı yenidən qaytaracaq".
Baş nazir əlavə edib ki, regionda kommunikasiyaların açılması bütün bölgə üçün faydalı olacaq.