Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 13 mart — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev Azərbaycanda koronavirusa yoluxmada artıma münasibət bildirib. Sputnik Azərbaycan-ın məlumatına görə, Vasif Əliyev bildirib ki, artım səbəbi yumşaldılmadan sonra insanlar arasında təmasın artmasıdır. O, bildirib ki, əhali qoruma vasitələrinə riayət etmirsə, virusun ötürülməsi asanlaşır. Bunun nəticəsində isə yoluxmaların sayında artımın şahidi oluruq: "Vətəndaş məsuliyyəti çox önəmlidir. İstər kafe və restoranlar olsun, istər də digər qapalı məkanlar".
Vasif Əliyev qeyd edib ki, insanlar tibbi maskadan da düzgün istifadə etmirlər: "Sadəcə maskaların doğru istifadə olunmaması da yoluxma sayında artıma səbəb ola bilir. Sanki inanlar maskadan virusdan qorunmaq üçün yox, cəzadan yayınmaq üçün istifadə edirlər. Maskanın dəfələrlə istifadəsi doğru deyil. Bu maskaları istifadə müddəti 6-8 saatdır. Amma insanlar maskanı həftələrlə istifadə edir. Maskanı cibimizdən çıxardıb təkrar ağzımıza taxırıq. Moda xarakterli bəzəkli parça maskalar isə insanları virusdan yox, cəzadan qoruyur".
V.Əliyev koronavirusun yeni ştammlarının yayılmasının qorxulu olduğunu da vurğulayıb. O bildirib ki, bu ştamların Azərbaycanda olması da inkar olunmur: "Amma bunu ştamma da bağlamaq olmaz. Hansı ştammın olmasından asılı olmayaraq, biz təması önləyə bilmiriksə, yenidən yoluxma sayının artımına səbəb olur. Yoluxma sürətinin yeni ştammla olmasını düşünmürəm. Sadəcə yumşalmalardan sonra əhali arasında arxayınlıq yaranıb və buna daha öncə də şahid olduq. Noyabrda yoluxma dalğasının zirvəsini yaşadıq. Gündəlik 5 mindən çox yoluxma var idi. O zaman heç Britaniya ştammı yox idi. Yoluxma sayının artmasını ştamma bağlamaq olmaz. Zamanla viruslar öz-özünü məhv edə, yaxud da sadə sıradan bir xəstəliyə də keçə bilər. Ona görə də biz qoruma tədbirlərinə əməl etməliyik".
İşçi qrupunun üzvü bildirib ki, peyvəndlərin əhəmiyyətini qısa zamanda demək çətindir. Onun sözlərinə görə, Azərbaycan COVID-19 əleyhinə olan peyvəndi ilk alan ölkələrdəndir: "Kütlənin çox hissəsi bu peyvəndləmədən keçməmiş nəticə barədə danışmaq olmaz. Ən azı əhalinin 2/3 hissəsi vaksin edilməmiş nəticəni demək mümkün deyil. Vaksinasiya ilə bağlı bu faizi əldə etməliik ki, yoluxma zəncirini qıraq. Peyvənd olmasaydı, nəticə daha ağır olardı”.