BAKI, 12 mart — Sputnik. Bu gün Zəngilan rayonu ərazisində, Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin saytında qeyd olunur.
Bununla əlaqədar təşkil olunmuş tədbirdə çıxış edən DSX rəisinin müavini general-leytenant İlham Mehdiyev yeni hərbi hissənin fəaliyyətə başlaması münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.
İ.Mehdiyev döyüş əməliyyatlarının ilk günündən başlayaraq Azərbaycan sərhədçilərinin Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etdiklərini vurğulayıb. 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə dağıdıcı zərbələr endirilərək Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımız sancılmış, qızğın döyüşlər nəticəsində Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” strateji yüksəklikləri azad edilib.
General-leytenant sərhəd komendantlığının açıldığı ərazilərdə DSX bölmələri tərəfindən düşmənə endirilən sarsıdıcı zərbələr, o cümlədən çoxsaylı silah-sursatının qənimət kimi götürülməsini, noyabrın 1-də Bartaz və Şükürataz yüksəklikləri uğrunda gedən döyüşlərdə şəxsi heyətimizə hücum edən düşmənin SU-25 qırıcı təyyarəsinin qəhrəman çevikçilərimiz tərəfindən atıcı silahlarla məhv ediməsinin və bu kimi digər hərbi uğurların Vətən Müharibəsi tarixinin önəmli hadisələrindən olmasını qeyd edib.
Ermənistanla dövlət sərhədinin əhəmiyyətli hissəsinin mühafizəsinə cavabdeh olan yeni hərbi hissənin fəaliyyətə başlamasının xüsusi əhəmiyyət kəsb etməsini deyən İ.Mehdiyev hər zaman dövlət maraqlarının keşiyində duran Azərbaycan sərhədçisinin ölkəmizin müqəddəs hüdudlarını qorumaq kimi şərəfli missiyanın öhdəsindən bundan sonra da layiqincə gələcəyinə əminliyini ifadə edib.
Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif edilib.
Mərasim iştirakçıları hərbi hissənin şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə yerinə yetirilməsi üçün yaradılmış şəraitlə, o cümlədən zəruri avadanlıqlar, mebel, məişət əşyaları, istilik sistemi ilə təmin edilmiş xidməti otaqlar, kazarma və yeməkxana, hamam-camaşırxana kompleksi, anbar, silah və texniki vasitələrinə baxış keçiriblər.