BAKI, 11 mart — Sputnik. Bu gündən Azərbaycanda bütün növ siqaretlərin qiyməti artırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, ötən günlə müqayisədə qiymətlərdə 20 qəpik artım var.
"Siqaretin topdan satışı ilə məşğul olan firmalar bu gündən bizə malları yeni qiymətlərlə göndərib. Qiymət artımı bütün siqaret markalarında olub", - pərakəndə siqaret satıcıları bildiriblər.
Qeyd edək ki, 2021-ci ilin yanvar ayında Azərbaycan 1 624,5 mln. ədəd papiros və siqaretlər, 4,6 ton fermentləşdirilmiş tütün istehsal edib. 2020-ci ilin yanvar ayı ilə müqayisədə ölkədə papiros və siqaretlərin istehsalı 3,4 dəfə, fermentləşdirilmiş tütünün istehsalı isə 2,1% artıb.
Xatırladaq ki, tütün məmulatlarının aksiz dərəcələrinin yüksəldilməsi nəticəsində ölkəmizdə bu məmulatlar üzrə ümumi istehlak 2017-ci ilin yanvar-oktyabr ayları üzrə 10 618 080 min ədəd təşkil edirdisə, 2020-ci ilin müvafiq dövrünə görə 8 538 977 min ədədə qədər azalma müşahidə olunub.