SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidentini qəbul edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidentini videoformatda qəbul edib
Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidentini videoformatda qəbul edib - Sputnik Azərbaycan, 1920, 11.03.2021
Abunə olmaq
İlham Əliyev: "Mən artıq ictimaiyyətə bunu açıqlayaraq demişəm ki, biz əməkdaşlıq, düşmənçilik səhifəsini geridə qoymaq, regionda daha yaxşı vəziyyəti və daha da proqnozlaşdırıla bilən vəziyyəti təmin etmək üçün qonşularımızla dürüst şəkildə işləməyə hazırıq".

BAKI, 11 mart - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yeni prezidenti xanım Odil Reno-Bassonu və bankın rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev görüş zamanı bildirib ki, son 30 ildə Azərbaycan AYİB-lə çox güclü tərəfdaşlıq əlaqələri qurub.

"Bank ölkənin transformasiyasında, iqtisadiyyatımızın şaxələndirilməsində bizi dəstəkləyib. Bizim 3 milyard avrodan çox məbləğdə layihələrimizin maliyyələşdirilməsi faktı bunu açıq-aşkar nümayiş etdirir. Hazırda bu portfelin yarısının özəl sektora yönəlmiş vəsait olması da mühüm əhəmiyyət kəsb edir. Bu da əməkdaşlığımızın yaxşı göstəricisidir", - Prezident deyib. 

O, həmçinin qeyd edib ki, dövlət şirkətləri tərəfindən həyata keçirilən infrastruktur layihələrin demək olar ki, hamısı tamamlanıb:

"Mənə məlumat verilib ki, bizdə 13 layihə var, onların 12-si uğurla tamamlanıb və sonuncusu tamamlanma prosesindədir. Mən, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının bizim enerji layihələrinə, xüsusilə Cənub Qaz Dəhlizinə, onun Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən 1 milyard avro məbləğində maliyyələşdirilmiş sonuncu hissəsi olan TAP-a verdiyi dəstəyə görə minnətdaram. Bildiyiniz kimi, ötən ilin son günündə biz TAP və Cənub Qaz Dəhlizinin açılışını qeyd etdik. Bu, həqiqətən də Avrasiyanın enerji xəritəsini dəyişən tarixi nailiyyət idi. Bildiyiniz kimi, hazırda bizim əsas məqsədimiz iqtisadiyyatımızın şaxələndirilməsini davam etdirməkdir. Düşünürəm ki, xüsusilə bu il və ötən il, pandemiyaya baxmayaraq, nəticələr çox ümidvericidir. Ümumi daxili məhsulda müəyyən azalmaya baxmayaraq, bizdə qeyri-enerji sənayesi istehsalında artım var. Bu iki ayda bizdə artım 12 faizdən çox olub. Beləliklə, bu, bizim sənayemizin şaxələndirilməsinin yaxşı göstəricisidir. Biz neft satışlarından topladığımız vəsaiti özəl sektoru, sənaye potensialımızı dəstəkləməyə yönəltməyə nail olduq və qeyri-enerji sənayesində 12 faiz artım həqiqətən də əlamətdar hadisədir".

İlham Əliyev hazırda bizim əsas məqsədimizin işğaldan azad edilmiş ərazilərin bərpası olduğunu qeyd edib:

"Ermənistan tərəfdən 25 ildən çox, demək olar ki, 30 il davam edən işğal nəticəsində hər şey dağıdılıb. Əcnəbi diplomatlar və media nümayəndələri işğaldan azad edilmiş ərazilərə artıq dəfələrlə səfər ediblər və özləri hər şeyin tamamilə dağıdıldığının şahidi olublar. Şəhərlər dağıdılıb, kəndlər dağıdılıb. Odur ki, biz öz doğma torpaqlarına qayıtmağı gözləyən insanlar, bir milyondan çox keçmiş məcburi köçkün üçün layiqli həyat şəraiti təmin etmək məqsədilə 10 min kvadratkilometrdən böyük bir ərazini yenidən qurmalı olacağıq. Beləliklə, bu, bizim əsas vəzifəmizdir və biz artıq buna başlamışıq. Münaqişənin və müharibənin faktiki sonu olan bəyanatın imzalanmasından yalnız dörd ay keçməsinə baxmayaraq, biz artıq işlərə başlamışıq. Biz indi beynəlxalq hava limanı tikirik, avtomagistrallar tikirik, dəmir yolu xətlərini inşa edirik, artıq başlamışıq. Bu ilin sonuna kimi bütün Qarabağ ərazisi üçün demək olar ki, enerji təchizatını 100 faiz tamamlamağı planlaşdırırıq və bizim bir çox başqa planlarımız da var.

Əlbəttə ki, biz bu məsələlərdə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığa güvənirik. Mən işğaldan azad olunmuş torpaqları “yaşıl enerji” zonası elan etmişəm. Biz əsasən bərpa olunan enerji mənbələrindən, su, günəş və külək mənbələrindən istifadə etməyi planlaşdırırıq. Bizim böyük beynəlxalq enerji şirkətləri ilə yaxşı iş təcrübəmiz var. Yeri gəlmişkən, Avropa Yenidənqurma və İnkişaf Bankı bu investisiya layihələrinin maliyyələşdirməsində iştirak edir. Ümid edirik, eyni təcrübə azad edilmiş ərazilərdə də tətbiq olunacaqdır. Çünki bərpa olunan enerji mənbələri baxımından orada böyük potensial var.

Başqa sözlə, bu, Azərbaycanın və regionun inkişafında yeni bir dövr və ya hətta yeni bir eradır. Demək olar ki, 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdıqdan sonra regional inkişaf, regional əməkdaşlıq, bağlılıq üçün yeni imkanlar var və Azərbaycan bunlara hazırdır. Mən artıq ictimaiyyətə bunu açıqlayaraq demişəm ki, biz əməkdaşlıq, düşmənçilik səhifəsini geridə qoymaq, regionda daha yaxşı vəziyyəti və daha da proqnozlaşdırıla bilən vəziyyəti təmin etmək üçün qonşularımızla dürüst şəkildə işləməyə hazırıq. Beləliklə, bu, görülmüş işlərin və bəzi planlarımızın nədən ibarət olmasının kiçik xülasəsi idi. Əlbəttə ki, müzakirələr zamanı biz gələcək tərəfdaşlığımızın praktiki addımlarını daha geniş müzakirə edəcəyik. Görüşmək üçün irəli sürdüyünüz bu təşəbbüsə görə bir daha təşəkkür edirəm. Sizi bir daha görməyə çox şadam".

Xəbər lenti
0