BAKI, 11 mart — Sputnik. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq şöbəsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən Zalov Rövşən Azad oğlunun 2017-ci il ərzində Bakı şəhərində özünü turizm şirkətinin rəhbəri kimi təqdim edərək Almaniya Federativ Respublikasında yaşayıb işləmək üçün viza açdırmağı və göndərəcəyini vəd edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin əmlakını (pul vəsaitlərini) ələ keçirib zərərçəkən şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dəladuzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Zalov Rövşən Azad oğlu barəsində beynəlxalq axtarış elan edilib. Qurum Türkiyə Respublikasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə sorğu edilib.
Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Türkiyə Respublikasının Baş Prokurorluğuna etdiyi sorğu təmin edilməklə Zalov Rövşən Azad oğlu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.