Elvin Səlimov, Sputnik Azərbaycan
BAKI, 11 mart — Sputnik. Son günlər Azərbaycanda feminist aktivistlərin fəaliyyəti müzakirə mövzusuna çevrilib. Cəmiyyətdə birmənalı münasibət görməyən bu hərəkatın fəaliyyəti müxtəlif səviyyələrdə tənqid edilib. Bir neçə gün öncə Mili Məclisin deputatı Tahir Kərimli də bu barədə sərt mövqe sərgiləyib. Deputat bildirib ki, feministlərin tələblərini yerinə yetirmək mümkün deyil: “İstanbul Konvensiyasını ilk olaraq Türkiyə qəbul edib. Nə dəyişdi? Türkiyədə zorakılıqmı aradan qalxdı? Biz bu cür qanunlarla Ailə Məcəlləsinə dəyişiklik edə bilmərik. Bu, yolverilməzdir”.
İspaniyada sağçı qadınlar aksiyaya çıxan feministləri döyüblər>>
Sputnik Azərbaycan Azərbaycanda feminizm hərəkatına və onun tələblərinə qarşı aqressiv münasibətin səbəblərini araşdırıb. Mövzu ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu və qadın məsələləri üzrə ekspert Nərmin Şamilbəyli fikirlərini bölüşüblər.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, bu gün feminizm adı ilə aksiya təşkil edən xanımlar feminist ideyalarından kənar və bizim milli dəyərlərimizə tərs olan şüarlarla çıxış edirlər:
“Mən özüm də hüquq müdafiəçisiyəm. Amma bir azərbaycanlı kimi o xanımların səsləndirdikləri milli əxlaqa zidd şüarları qəbul etmirəm. Bu gün çoxsaylı problemlər var. Məişət zorakılığı, intiharlar və digər məsələlər araşdırılmalıdır. Bizim feministlər hələ feminizmi başa düşməyiblər”.
Qadın məsələləri üzrə ekspert Nərmin Şamilbəyli isə deyir ki, qadınların hüquqlarının işləkliyi cəmiyyətin inkişafı ilə paraleldir: “Qadın inkişaf edərsə, həmin cəmiyyət inkişaf edər. Bu məsələ iki aspektdən tənzimlənir. Qadının cəmiyyətdə və siyasətdə rolu önəmlidir.
Ekspertin fikrincə, feminizm hansısa hüquq və azadlıqların verilməsini tələb etmir: “Zatən bizim Konstitusiyamızda qadınlarla bağlı, ümumən insan hüquqları ilə bağlı məsələlər ətraflı şəkildə təsbit edilib. Məsələ hüquqlarını bilmək və onun icrasını tələb etməkdir. Biz bəlli bir yaşdan sonra hüquqlarımızla tanış oluruq. Hüquqlarını bilən şəxs öz məqsədini və faydalı ola biləcəyi yeri özü seçir. Burada önəmli məsələ faydalı ola bilməyin kütləviləşməsidir. Əgər bu kütləviləşərsə, cəmiyyətə inkişaf gətirər. Bunu da cəmiyyətin özü və dövlət siyasəti tənzimləyir.
Bu gün dünyanın digər yerlərində olduğu kimi, Azərbaycanda da gender bərabərliyi ilə bağlı məsələlər feminizm hərəkatı üzərindən davam etdirilir. Ölkəmizdə qadınlarla bağlı çoxsaylı təşkilatlar fəaliyyət göstərir. Bununla belə, feminizm sözünə rəğbət yoxdur. Bunun da bir neçə səbəbi olduğunu düşünürəm.
Mənim fikrimcə, bilərəkdən bu hərəkat kütləyə yanlış təqdim edilib. Düşünürəm ki, bu məsələdə medianın da rolu var. Digər tərəfdən, qadın hüquqları məsələsindən danışırıqsa, burada təmsilçilik məsələsi önə çıxır. Qadın hüquqlarını təmsil edən şəxslərin cəmiyyətdə özünü yanlış ifadə etməsi ümumilikdə feminizmə kölgə salır”.