BAKI, 10 mart — Sputnik. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan tutduğu vəzifədən azad olunub. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"Respublika Prezidentinin Baş nazirin qərarını "Hərbi xidmət və hərbçinin statusu" haqqında qanunda göstərilən müddət ərzində imzalamaması və Konstitusiya Məhkəməsinə müraciət etməməsi nəzərə alınaraq <...>, Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan qanunvericiliyə uyğun olaraq tutduğu vəzifədən azad olunub", - deyə Paşinyanın Nazirlər Kabinetinin saytında yerləşdirilən məlumatda bildirilir.
Qeyd edək ki, fevralın 25-i Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.
Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.
Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Onik Qasparyanın tutduğu vəzifədən azad olunması barədə qərar verib.
Bundan sonra Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Onik Qasparyanın işdən çıxarılması barədə qərarı imzalamayıb və onu geri, Baş nazir Nikol Paşinyana göndərib.