BAKI, 10 mart — Sputnik. Fevral ayının 23-ü koronavirus əleyhinə peyvənd olunan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn koronavirusa yoluxub.
Partiya sədri COVID-19 əleyhinə peyvəndləmədə iştirak etsə də, yoluxduğunu bildirib:
"Bəli, yayılan xəbərlər doğrudur. Koronavirusa yoluxmuşam. Hal-hazırda müalicə alıram, yazılanlar həqiqətə uyğundur. Bu barədə başqa bir şey danışmaq istəmirəm", - deyə, o, "Yeni sabah"a bildirib.
Qeyd edək ki, P.Hüseyn bir müddət əvvəl vətəndaşlara peyvəndləmə ilə bağlı çağırış etmişdi: "Vaksinasiya prosesinin təşkilatçılarına, həkimlərə təşəkkür edirəm. Hamımız peyvənd olunaraq, xəstəliyə qalib gəlməliyik, inşallah, düşərli olar".
Bəs necə olub ki, siyasətçi vaksinasiyadan sonra yoluxub? Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə peyvənd olunan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin koronavirusa yoluxma səbəbini "Qaynarinfo"ya şərh edib.
"Bir dəfə aparılan vaksinasiya zamanı bizi virusdan qoruyacaq kifayət qədər davamlı immunitet formalaşmadığı üçün koronavirus infeksiyasına yoluxub xəstələnmək mümkündür”., - o, deyib
Həkim qeyd edib ki, koronavirusa qarşı vurulan vaksin 28 gün fasilə ilə 2 dəfə aparılır:
"İlk dəfə aparılan vaksinasiyadan 14 gün sonra koronavirusa qarşı qanda anticisimlər - immunitet yaranmağa başlayır. Yəni, ilk vaksindən 28 gün sonra 2-ci dəfə vaksinasiya olunmalıyıq ki, dayanıqlı immunitet yaranıb, bizi koronavirusdan qorusun. İlkin vaksinasiyadan 40-42 gün müddətində (ikinci vaksin daxil) tam immunitet formalaşır”.
Doktor onu da əlavə edib ki, vaksin olunan şəxşlər arxayın olmamalıdır, daima gigiyenik qaydalara əməl etməlidir.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bu gün Sputnik Azərbaycan-a açıqlamasında səhhəti ilə bağlı həkim çağırdığını və kompüter tomoqrammasına getdiyini bildirib.
Xatırladaq ki, Pənah Hüseynov 15 gün əvvəl Çin istehsalı olan "Sinovac" vaksininin birinci dozasını qəbul edib.