BAKI, 10 mart — Sputnik. Abşeron rayon İcra Hakimiyyətinin istifadəsindən Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılması nəzərdə tutulan ərazilərin müəyyənləşdirilməsi işlərinə başlanılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Sənəddə qeyd edilib ki, həmin ərazilərin sərhədləri yerquruluşu qaydasında müəyyən edilərək, onlara dair hüquqların mövcudluğunun real vəziyyətlə müqayisə edilməsi nəzərdə tutulub. Bununla əlaqədar qeyd olunan ərazilər haqqında ilkin mərhələdə elektron formada məlumatlar əldə edilib. Aparılmış monitorinqlər nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin idarəçiliyində olan və Bakı şəhərinin Xəzər, Sabunçu, Suraxanı və Binəqədi rayonları ərazisində yerləşən 18 min hektar torpaq sahəsi müəyyən edilib və Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılması təklif olunub.
Hesabatda bildirilir ki, məsələnin həlli ilə əlaqədar torpaq sahələrinə dair təqdim edilmiş məlumatların araşdırılması, inventarlaşma işlərinin həyata keçirilməsi və torpaqların səmərəli istifadəsi ilə bağlı yekun rəyin hazırlanması məqsədilə adiyyatı qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılmasının məqsədəuyğunluğu barədə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumlara müraciət edilib.