BAKI, 9 mart - Sputnik. Ermənistan parlamentinə girişləri bağlayan etirazçılar baş nazir Nikol Paşinyan qanunverici orqana təşrif buyuracağı zaman yolu açacaqlarını deyiblər. Paşinyan isə oraya gəlib istefa verməli və növbədənkənar parlament seçkisinin keçirilməsini bəyan etməlidir.
Sputnik Azərbaycna RİA Novosti-yə istinadən bildirir ki, bunu daşnak, etiraz aksiyasının təşkilatçılarından biri olan İşxan Saqatelyan jurnalistlərə deyib.
Bundan öncə etriazçılar parlamentə yolu Baqramyan prospekti ilə Dəmirçiyan küçəsindən bağlayaraq orada əlavə çadırlar qurublar.
Saqatelyanın sözlərinə görə, baş nazirə növbədənkənar seçkilərin vaxtının təyin edilməsi üçün parlament müxalifəti ilə memorandum imzalamaq gərək deyil, çünki onun "Mənim addımım" fraksiyası parlamentdə çoxluq təşkil edir.
"O, siyasi çoxluğa malikdir. Seçki keçirmək istəyir? Elə indicə deyirəm, qoy sabah saat 12:00-dək parlamentə gəlsin, istefa versin və seçki gününü təyin eləsin. Əgər buna əməl edəcəksə, yolu açacağıq. Amma o gəlməyəcək, bu (növbədənkənar seçkilər), növbəti yalandır", - Saqatelyan deyib.
O əlavə edib ki, etirazçılar tələbləri yerinə yetirilənədək parlament qarşısındakı çadırlarda qalacaqlar.
Paşinyan bəyan etmişdi ki, 2021-ci ildə növbədənkənar parlament seçkisi keçirməyə hazırdır, bir şərtlə ki, hökumətin əleyhdarları buna razı olsunlar, həmçinin müxalifət liderləri ilə bu məsələni müzakirə etmək istədiyini demişdi. Hökumət parlament müxalifəti ilə Paşinyanın istefasından sonra baş nazir postuna öz namizədlərini irəli sürməmək öhdəliyi barədə memorandum imzalamaq niyyətindədir. Bu hal Paşinyana baş nazir postunu saxlamaqla parlamenti buraxmaq və növbədənkənar seçki keçirmək imkanı yaradır.
Qeyd edək ki, fevralın 25-i Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.
Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.
Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Onik Qasparyanın tutduğu vəzifədən azad olunması barədə qərar verib.
Bundan sonra Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Onik Qasparyanın işdən çıxarılması barədə qərarı imzalamayıb və onu geri, Baş nazir Nikol Paşinyana göndərib.
Paşinyan isə yarım saat sonra onu prezidentə, prezident də öz növbəsində Konstitusiya Məhkəməsinə yollayıb. Üstəlik, martın 3-də Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın həbs edilməsi barədə qərar qəbul edib.