BAKI, 9 mart — Radio Sputnik. "Sputnik V" peyvəndinin yaradıcıları Dərman Vasitələri üzrə Avropa Agentliyindən (EMA) preparatın təcili şəkildə təsdiq olunma şansının "rus ruletkası" ilə müqayisəsinə görə üzr istənilməsini tələb edib. Tarix elmləri namizədi Anton Bredixin Sputnik radiosunun efirində bu məsələ ilə bağlı fikirlərini bölüşüb.
"Sputnik V" peyvəndinin yaradıcıları EMA-nın nümayəndəsi Krista Virtumer-Hohedən preparatlar və ölkələr haqqında dediyi fikirlərə görə üzr istəməsini tələb ediblər.
Qeyd edək ki, Avstriyanın səhiyyə məsələləri üzrə agentliyini də təmsil edən Virtumer-Hohe ORF telekanalının efirində Avstriyada "Sputnik V" peyvəndinin təsdiqlənmə şansını "rus ruletkası" ilə müqayisə edərək peyvənd olunanlarla bağlı məlumat çatışmazlığına diqqət çəkib.
"Biz EMA-nın nümayəndəsi Krista Virtumer-Hohedən "Sputnik V" peyvəndini təsdiqləmiş Aİ üzvü olan ölkələrlə bağlı mənfi şərhlərinə görə üzr istəməsini tələb edirik. Onun şərhləri EMA-nın hazırda davam edən ekspertiza prosesinə siyasi müdaxilə ilə bağlı ciddi suallar doğurur", – deyə Rusiya peyvəndinin Twitter səhifəsində yayılan məlumatda bildirilir.
O da qeyd olunur ki, Avropa tənzimləyicisi əvvəllər başqa peyvəndlərlə bağlı bu tip bəyanatların səsləndirilməsini özünə rəva görməyib. Rusiya peyvəndinin yaradıcılarının da vurğuladığı kimi, bu tip şərhlər yersizdir, çünki "Sputnik V" preparatını artıq təsdiqləmiş ölkələrin agentliklərinin nüfuzunu şübhə altına alır.
Qeyd edək ki, martın 4-də EMA "Sputnik V" preparatının ekspertiza prosesinin başladığını elan etmişdi. Tənzimləyici qurum peyvəndin effektivliyini və təhlükəsizliyini yoxlayır.
Xatırladaq ki, Rusiya peyvəndi artıq dünyanın 46 ölkəsində qeydiyyatdan keçirilib. Hazırda "Sputnik V" milli tənzimləyəci qurumlar tərəfindən tətbiqinə icazə verilmiş peyvənd preparatları arasında dünyada ikinci yeri tutur. Preparatın effektivliyi 91,6 faiz təşkil edir ki, bu da dünyada tibb sahəsində nüfuzlu jurnal olan "Lancet"-də dərc olunmuş məqalələrdə öz təsdiqini tapıb.
Politoloq, tarix elmləri namizədi, "Arxont" jurnalının baş redaktoru Anton Bredixin Sputnik radiosunun efirində bildirib ki, Virtumer-Hohenin bəyanatlarının arxasında siyasət və vicdanlı olmayan rəqabət dayanır.
"Bizim peyvənd haqqında o qədər çox məlumat verilib ki, tibdən, biologiyadan qətiyyən baş çıxarmayan insan belə mütəxəssis ola bilərdi, o ki qalsın Virtumer-Hohe kimi bu sahənin mütəxəssisi olsun. Biz burada hər şeydən əvvəl rəqiblərin düşünülmüş şəkildə kənarlaşdırılması prosesinin şahidi oluruq. Bundan başqa, hazırda yerli siyasətçilər real olaraq bu prosesi idarə edən qlobal siyasətçilərin "yuxarıdan sifariş etdiklərini" söyləyirlər. Məncə, onlar üzr istəməyəcəklər. Hətta avropalılar özləri belə bizdən bu peyvəndi xahiş edəndə də üzr istəməyəcəklər", – deyə Anton Bredixin vurğulayıb.