BAKI, 8 mart - Sputnik. Yanvarın son günü Kürdə batan şəxsin meyiti tapılıb.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, bu il yanvarın 31-də qurumun "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb. Axtarışda olan Yusifov Səfxan Aydın oğlunun meyiti bu gün günorta saatlarında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edəki, yanvarın 31-də Kürdə gəzinti qayığının çevrilməsi nəticəsində iki nəfərin boğulduğu barədə məlumat yayılmışdı. Boğulanlardan biri, 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti fevralın 3-də FHN əməkdaşları tərəfindən tapılmışdı.