Rahim Muradov, Sputnik Azərbaycan
BAKI, 8 mart — Sputnik. “Əvvəl gücüm var idi, işləyərdim. İndi isə qocalmışam da, bala. Qapı açmağa da güclə gəlirəm”. Astaranın Şiyəkəran kəndinin 85 yaşlı sakini Rəfiqə Musa qızı Qəhrəmanova bizimlə söhbətinə belə başlayır.
"Nənə, dedin, işləyərdim, sənətin nə idi ki?" sual veririk və "bala, mənim bir işim olub da, uşaq dünyaya gətirmək!" cavabını alırıq. Rəfiqə nənə elə soyadına uyğun olaraq əsl qəhrəmandır. Çünki Rəfiqə Qəhrəmanova 20 övlad dünyaya gətirdiyi üçün 2 dəfə “Qəhrəman ana” adına layiq görülərək ordenlə təltif edilib.
“Astaranın Pensər kəndində anadan olmuşam, 1953-cü ildə Şiyəkəran kəndinə gəlin gəlmişəm, ilk övladım Salman Qəhrəmanov isə 20 mart 1955-ci ildə dünyaya göz açıb. Mənim 20 övladım olub, onlardan 14-ü qız, 6 nəfəri isə oğlan olub”. Sputnik Azərbaycan-a müsahibəsində Rəfiqə nənə özünü belə təqdim edir.
- Rəfiqə nənə, az əvvəl 20 övladım olub dediniz, onlardan rəhmətə gedən varmı?
- Onlardan ikisi uşaq ikən dünyalarını dəyişmişdilər. Biz bu həyətə təzə köçmüşdük, rəhmətlik yoldaşım həyətdə xəndəyin qırağına vaqon gətirib qoymuşdu. Uşaqlar da həyətdə oynayırdılar, qızlarımdan biri yıxıldı və başı dəydi dəmir vaqona. Başından güclü xəsarət almışdı, xəstəxanada 20 gün qalandan sonra vəfat elədi. Vəfat edən digər övladım isə oğlan idi və onun vəfat tarixi yadımda deyil. O vaxt uşaq “qızılca” xəstəliyinə yoluxdu, dərman yox idi deyə müalicə edə bilmədik, uşaq da dünyasını dəyişdi. Bir övladım da bir müddət əvvəl vəfat etmişdi, böyük oğlum da 2018-ci ilin sentyabr ayında dünyasını dəyişib.
- Bəs siz yoldaşınız ilə necə tanış oldunuz? Qohumunuz idi, yoxsa özü sizi görüb bəyənmişdi?
- Nə mən yoldaşımı, nə də o məni görmüşdü. Şiyəkəran camaatı işə-gücə gedəndə bizim evin qabağından keçib gedərdilər. Məni qaynatam görüb bəyəndi, 14 yaşım tamam olanda nişanladım. 1953-cü ildə mən gəlin gəldim. 1955-ci ildə ilk oğlum dünyaya gəldi, ondan 4 il sonra isə ikinci övladım doğuldu. Çünki birinci oğluma hamilə olduğum aylarda yoldaşımı (1955-ci ildə) hərbi xidmətə yola saldım və 1957-ci ildə ildə isə xidmətini başa vurub qayıtdı.
- Siz ailə quran vaxt dini nikahla evləndiniz, yoxsa rəsmi nikahla?
- Mənim balam, mənim öz toyum oldu, lakin nikaha 9 ay yaşım çatmırdı. Rəhmətlik atam da “mən məşədi adamam, mənim bircə qızım var və mən onu rəsmi nikahı olmadan Şiyəkərana gəlin köçürmərəm!” dedi. Mənim 16 yaşım olanda qanuni nikahımız imzalandı. Mən necə lazımdırsa, tam qayda-qanunla ailə qurmuşam.
- Siz ümumiyyətlə işləmisinizmi və harada işləmisiniz?
- Mən subay olduğum vaxtlardan işləyirdim. Əvvəl bicarda işləyərdim. Sonra isə tərəvəz toplama məntəqəsində işləyirdim. Həmin məntəqədə də yoldaşım yük avtomobili sürücüsü işləyərdi. Beş qızımız da bizimlə bir yerdə işləyərdilər. 1987-ci ilə kimi işlədim və həmin il təqaüdə çıxdım. Sonra isə o vaxt Astara Rayon Partiya Komitəsinin sədri olmuş rəhmətlik Çingiz Fərəcov bizim evə gəldi və maddi vəziyyətimizin yaxşı olmadığını görüb məni Şiyəkəran kənd bağçasında xadimə işinə götürülməyim barədə tapşırıq verdi. Bağçada da 3 il işləyəndən sonra 1990-cı ildə oradan artıq yaş həddinə görə pensiyaya çıxdım. Bundan əvvəl isə 1987-ci ildə çoxuşaqlı ana olduğum üçün təqaüdə çıxmışdım.
- Nənə, 20 övlad sahibi olmusunuz, uşaqlar balaca olan dövrlərdə hansı çətinlikləriniz olub?
- Mən 1987-ci ildən başlayaraq normal həyat yaşamağa başlamışam. Bir cüt ayaqqabı alardıq, iki uşaq növbə ilə geyinib məktəbə gedərdilər. Bir donu iki bacı geyərdilər, 1960-cı il təvəllüd olan böyük qızım səhər geyinib məktəbə gedərdi, evə qayıdan kimi isə ondan bir yaş kiçik bacısı həmin donu geyinib məktəbə gedərdi. Maddi vəziyyətimizin çətin olduğundan Çingiz Fərəcovun tapşırığı ilə bizim ailəyə ayda ərzaq köməkliyi edilərdi. Böyük qızım gəlin köçəndə cehiz verə bilmədim, təkcə yorğan-döşəkdən başqa. Kasıbçılıq idi. Yenə deyirəm, Allah Çingiz Fərəcova qəni-qəni rəhmət eləsin, bizə pərdələr, xalılar, paltar şkafı gətirib hədiyyə etdi.
- Sizin övladlarınızın çoxu qızdır, onların tərbiyəsi ilə təkcə siz məşğul olurdunuz, yoxsa rəhmətlik yoldaşınız da məşğul olardı?
- Mənim uşaqlarım yetkinlik yaşlarına çatana qədər rəhmətlik qaynanam onlara baxırdı. Qaynanam rəhmətə gedəndən sonra böyük qızlarım böyüyə-böyüyə mənə ev işlərində, uşaqların böyüdülməsində köməklik göstərməyə başladılar.
- Rəhmətlik həyat yoldaşınız necə insan idi, sizə qarşı sərt idi, yoxsa mülayim?
- Yoldaşım çox mülayim insan idi. Əgər o mülayim olmasaydı, mən bu qədər övlad saxlaya bilərdim? Günboyu yük avtomobili ilə tərəvəz daşıyardı, amma evə gələndə də gücü çatdığı qədər mənə kömək edərdi. Güclü yağış, qar yağanda işə getməzdi və bir də bayramlarda evdə olardı. Həmin günlərdə “sən də bir az yat, bütün günü ayaq üstəsən, uşaqlara mən baxaram” deyərdi. Allah rəhmət eləsin, o qədər yaxşı insan idi ki, işdə, yeməkxanada ona peçenye verərdilərsə, yeməyib evə gətirib uşaqlara verərdi. Mən yemək bişirərdim, amma rəhmətlik yoldaşım uşaqlar və mən doyunca yeyək deyə evdə yeməzdi, çox vaxt işinin yeməkxanasında yeyərdi. Həmişə də mənə “Ye, uşaqlara bax, sən də yemək yeməsən, necə olacaq?” deyirdi.
- Nənə, siz “Qəhrəman ana” ordeni ilə təltif ediləndə sizə birdəfəlik mükafat verildi, yoxsa çoxuşaqlı ana olduğunuz üçün sizə pensiya təyin olundu?
- İlk ordeni 10-cu uşağımız olanda verdilər. Bəli, SSRİ vaxtı əvvəl 100 manat, sonra 110, 120 və 200 manata qədər pul verərdilər. İkinci ordeni isə 20-ci övladımız dünyaya gələndən sonra verdilər. Yadımdadır, rayon mərkəzində nəsə tədbir var idi, hətta Zeynəb Xanlarova da gəlmişdi həmin tədbirə. Məni də oraya dəvət etdilər və ikinci ordeni orada mənə təqdim elədilər. 60 nəvəm, 55 nəfər nəticəm və kötücələrim var.
- Rəfiqə xanım, siz 2 dəfə “Qəhrəman ana” ordeni ilə təltif edilmisiniz, amma onların kitabçaları var, özləri yox, niyə?
- Medalların ikisini də mənə rayon mərkəzində təmtəraqla təqdim elədilər və hər ikisi qızıl idi. Onları həmişə kasada saxlayırdım. Böyük oğlumun toy günü idi, mənim də başım qarışmışdı toy işlərinə. Həmin gün bundan istifadə edib evə girib onları oğurlamışdılar. Özü də kasanın içərisində o ordenlərlə bərabər, başqa ordenim də var idi, onu da aparmışdılar. Amma “Qəhrəman ana” ordenlərinin kitabçaları sandıqda olduğundan kitabçalarını aparmayıblar. Bu haqda rayon mərkəzinə də müraciət elədim, amma tapılmadı.