BAKI, 5 mart — Sputnik. "Səudiyyə Ərəbistanı ilə "OPEC+" ölkələrinin bu ilin aprel ayında da hasilatın artırılmaması ilə bağlı ilkin anlaşma müzakirələri neftin dünya bazar qiymətinə təsirsiz ötüşmədi".
Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, artıq "Brent" markalı neftin bir barelinin qiyməti 67 dollardan baha satılır: "Pandemiyadan sonra ilk dəfə neftin qiyməti 70 dollarlıq psixoloji həddə yaxınlaşmaqdadır. Aydındır ki, hətta "OPEC+" ölkələri tərəfindən aprel ayından gündəlik neft hasilatı 1,4 milyon barrel artırsa da belə bazarda təklifi kəskin artırmayacaq. Bu isə həmin halda belə qiymət tarazlığının qorunub saxlanmasına imkan verəcək".
Deputat qeyd edib ki, gündəlik neft ixracı 688,8 min barel təşkil edən Azərbaycan üçün neftin dünya bazar qiymətinin yüksəlməsi ölkəyə daxil olan valyutanın həcminin artması baxımdan arzuolunandır: "2021-ci ilin dövlət büdcəsində bir barel neftin qiymətinin 40 dollar müəyyənləşdirildiyini nəzərə alsaq neftin illik orta qiyməti yüksək olarsa Dövlət Neft Fonduna daxilolmaları artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir. Öncə də qeyd etdiyimiz kimi, bütün bununla yanaşı, "OPEC+" anlaşmasına rəğmən neftin qiymətinin 2021-ci ildə necə dəyişməsi birbaşa pandemiyanın miqyasından asılı olacaq".