İbrahim Həşimov, Sputnik Azərbaycan
BAKI, 5 mart — Sputnik. Hazırkı Ermənistan ərazisində səkkiz mindən artıq mədəniyyət abidəsi var. Bunlara mədəni, dini abidələr və karvansaralar daxildir. “İşğal Olunmuş Ərazilərdəki Tarix-Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov Sputnik Azərbaycan-a bildirib ki, bu abidələrin, demək olar ki, hamısı vandalizmə məruz qalıb.
“Oradakı tarixi-mədəniyyət abidələrimizdir, qəbristanlıqlarımızdır, türbələrimizdir, monumental heykəltaraşlıq nümunələrimizdir ki, bunların hamısı yox dərəcəsindədir. Eyni zamanda arxeoloji qazıntılar nəticəsində Azərbaycan mədəni irsinə sahib çıxıblar. Xristianlıq dövrü abidələri və xristianlığa qədər olan abidələrimiz də ermənilər tərəfindən vandalizmə uğradılıb”.
Ermənistan ərazisindəki İslam dininə aid abidələr daha çox zərər görüb. Orada yaşayan azərbaycanlıların izlərini itirmək üçün uzun illər planlı şəkildə işlər aparılıb. Bir neçə məscid də "bərpa edilərək" tarixi saxtalaşdırılıb. Qalanlarından ya tövlə kimi istifadə ediblər, ya da dağıdaraq yararsız hala salıblar.
291 məsciddən yalnız biri – “Göy Məscid” İrəvan şəhərində ermənilər tərəfindən bərpa olunub. Eyni zamanda Zəngəzur ərazilərində qalan bir neçə məscidin mövcudluğu görünür. Qalan abidələr, məscidlər, türbələr ümumiyyətlə yox olub”, – F. İsmayılov qeyd edib.
F.İsmayılov deyir ki, ermənilər ötən əsrin 20-ci illərindən sonra həmin ərazilərdə məskunlaşdırılıblar. Həmin dövrə qədər olan xristianlıq abidələri Qafqaz Albaniyası abidələri hesab olunur. Yəni, onların ermənilərə heç bir aiddiyyəti yoxdur. Lakin onların da tarixi saxtalaşdırılıb və bir çox məscid və karvansaralarımız kimi erməni monastrı və kilsələrinə çevrilib.
“Kilsə və ya monastırlar dini ibadət üçün düşünülmüş bir yerdir. Burada ancaq din təbliğ olunur. Bu da inzibati yaşayış mərkəzlərində ola bilən abidələrdir. Hansısa dağ başında, səhralıqda və ya meşəlikdə kilsə və monastırların olması mümkünsüzdür”, – deyə F. İsmayılov vurğulayıb.
Faiq İsmayılov bildirib ki, hələlik dəymiş zərərin qiymətləndirilməsi aparılmayıb. Çünki bunun üçün həmin ərazidə monitorinqlər aparılmalı və dəyən zərər müəyyənləşdirilməlidir. Bununla bağlı beynəlxalq təşkilatlara müraciət də olunub. Lakin ikili standartlar səbəbindən heç bir tədbir görülməyib. Buna baxmayaraq yenə həmin istiqamətdə işlər davam etdirilir.