Nigar İsgəndərov, Sputnik Azərbaycan
BAKI, 4 mart — Sputnik. "YAŞAT" Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib. Sputnik Azərbaycan-ın məlumatına görə, hazırda 5 gündür ölkəmizdə olan israilli həkimlər tərəfindən qazilərimizin müayinə və müalicəsi davam edir.
5 gün ərzində israilli həkimlər 132 qazimizi müayinə ediblər. Onlardan 22-si əməliyyat edilib, 28-nə protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq.
Qazilərimiz onlara göstərilən xidmətdən razıdırlar və əməliyyatlar da uğurla həyata keçirilir.
8 nəfərlik həkim heyəti Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədi ilə humanitar yardım çərçivəsində ölkəmizə gəlib. Həkimlər gözündən zədə almış hərbçilərimizin müayinəsini və əməliyyatlarını həyata keçirəcəklər.
Bildiyimiz ki, ötən dövr ərzində Türkiyədən də bir qrup həkim Azərbaycana gəlib. Türkiyəli həkimlər tərəfindən 154 qazimiz müayinə olunub və onların nəticələri dəyərləndirilir.
Ümumilikdə, 24 qazimizin müayinə və müalicəsinin davam etdirilməsi üçün Türkiyəyə yola salınıb. Onlarla mütəmadi olaraq əlaqə saxlanılır. Artıq bir neçə qazinin əməliyyatı uğurla həyata keçirilib. Yaxın günlərdə müalicələrini başa vurub ölkəmizə geri qayıdacaqlar.
Bu gün üçün başqa ölkələrdən həkim dəvəti nəzərdə tutulmayıb.