CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeganə övladının son xatirəsini qoxlayaraq təsəlli tapır - Daha bir igidin həyat hekayəsi

© Sputnik / Ilham MustafayevRufan Əkbərli
Rufan Əkbərli - Sputnik Azərbaycan, 1920, 01.03.2021
Abunə olmaq
"Oğullar nə qədər qəhrəman olsa da, analar övladlarının gözlərinin qabağından getməsini istəmirlər. Həmişə onu qorumağa çalışırdım".

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 1 mart — Sputnik. 23 yaşlı şəhid Rufan Əkbərli Şəmkir rayonunun Keçili kəndində doğulub. Anasının yeganə övladı olan Rufan doğma kəndində orta məktəbi bitirib, hərbi xidmətə yollanıb. Torpaqlarımızı azad görmək arzusu olsa da, gənc əsgər olduğundan Aprel döyüşlərində iştirak edə bilməyib. Vətən müharibəsinin başlaması onu bu arzusuna çatdırıb.

Anası Reyhanə Quliyevanın sözlərinə görə, Rufan 17 günlük olarkən ailəsi dağılıb. O oğlunu ata evində böyütdüyünü, uşaqlıqdan vətənpərvərlik aşıladığını bildirib. Birinci Qarabağ müharibəsi iştirakçısı olan babasını həmişə ona misal çəkdiyini söyləyib:

© Sputnik / Ilham MustafayevAnası Reyhanə Quliyeva
Yeganə övladının son xatirəsini qoxlayaraq təsəlli tapır - Daha bir igidin həyat hekayəsi - Sputnik Azərbaycan, 1920, 01.03.2021
Anası Reyhanə Quliyeva

"Rufanın bacısı, qardaşı yox idi. Yeganə tək balam idi. 11 aylıq olanda artıq yeriyirdi, danışırdı. Hamı uşağa möcüzə kimi baxırdı. Atam deyirdi görəcəksiniz, mənim nəvəm qəhrəman olacaq. Amma oğullar nə qədər qəhrəman olsa da, analar övladlarının gözlərinin qabağından getməsini istəmirlər. Həmişə onu qorumağa çalışırdım. Lakin Rufan vətəni qorumağı daha üstün tutdu", - deyə övladı haqda danışıb.

Rufan ilk səfərbərlik vaxtı hərbi xidmətə yollanıb. Müharibə başlayandan sonra isə döyüşlərə qoşulub. Anasını arxa cəbhədə olduğuna inandırıb. Rufanın döyüşlərdə iştirak etdiyini isə anası şəhidliyindən bir neçə gün öncə bilib:

© Sputnik / Ilham MustafayevRufan Əkbərlinin şəkli
Yeganə övladının son xatirəsini qoxlayaraq təsəlli tapır - Daha bir igidin həyat hekayəsi - Sputnik Azərbaycan, 1920, 01.03.2021
Rufan Əkbərlinin şəkli

"21 sentyabrda çağırdılar. Heç xəbərim olmadı getdiyindən. Gedən gün zəng vurdu ki, "maşını yolda saxlamışam. Açarı dayıma ver, həyətə salsın". Təlimdə olanda bir dəfə yanına getdim. Orda olan kəndimizin uşaqları dedilər ki, "burada tək oğulları siyahıya alırdılar. Rufan adını yazdırmadı". Sonra eşitdim Füzuliyə aparıblar. Komissarlığa getdim. Dedim "oğlumu geri gətirin demirəm. O, burada dayanan deyil. Amma arxa cəbhədə olsun". Özünə deyəndə dalaşdı mənlə telefonda. Dedi "mən yoldaşlarımı qoyub heç yerə gəlməyəcəm". Mən də bilirdim o döyüşləri qoyub geri gəlməyəcək", - deyə o bildirib.

© Sputnik / Ilham MustafayevŞəhid Rufan Əkbərlinin yatdığı otaq
Yeganə övladının son xatirəsini qoxlayaraq təsəlli tapır - Daha bir igidin həyat hekayəsi - Sputnik Azərbaycan, 1920, 01.03.2021
Şəhid Rufan Əkbərlinin yatdığı otaq

Oktyabrın 26-da Rufan şəhidlik zirvəsinə ucalıb. O, şəhid olduqdan sonra döyüş yoldaşları tez-tez anasının ziyarətinə gəlirlər. Rufanın söz və ismarıclarını, ondan qalan son xatirəni anası ilə bölüşürlər. Cəbhə yoldaşlarının gətirdikləri, Rufanın döyüşlər vaxtı geydiyi papaq isə anasının yeganə təsəllisidir. Hər gün bir neçə dəfə onu açaraq qoxluyur, övladının ətrini o papaqdan alıb təskinlik tapır.

"Onsuz çox darıxıram. Dostları gələndə papağını veriblər. Hər gün onu qoxlayıram. Ətrini alıram. Paltarlarına baxıram. Gecələr özüm-özümlə danışıram. Gərək belə etməyəydim, elə etməyəydim, bəlkə belə olmazdı deyə. Arzularım çox idi. Hamısı da Rufanla bağlı. Hər bir ana kimi mən də toy etmək istəyirdim. Nəvə görmək istəyirdim. İstəyərdim ən azı özündən sonra bircə nişanə qalsın. Amma mənə qismət olmadı", - deyə ana yarım qalan arzularını dilə gətirib.

Ölümündən sonra Rufan Əkbərli göstərdiyi şücaətə görə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.

Xəbər lenti
0