BAKI, 1 mart — Sputnik. Bu gecə ABŞ-da 78-ci "Qızıl qlobus" mükafatının təqdimat mərasimi baş tutub. Tədbiri NBC telekanalı canlı şəkildə yayımlayıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, "Ən yaxşı dramatik film" nominasiyasında Xloi Çjaonun "Köçərilərin diyarı" filmi qalib gəlib. Bu ekran əsəri ilə eyni nominasiyada Devid Finçerin "Mank", Florian Zellerin "Ata", Aaron Sorkinin "Çikaqo yeddiliyinin məhkəməsi" və Emirald Fennelin "Ümid verən qız" filmləri mübarizə aparıb.
"Dramatik filmdə ən yaxşı qadın roluna" görə Andra Dey fərqləndirilib. Bu mükafat ona "ABŞ Billi Holideyə qarşı" filmində yaratdığı obraza görə verilib. "Ən yaxşı dramatik aktyor" mükafatı isə ölümündən sonra Çedvik Bouzmana "Ma Reyni: blyuzun anası" filmində yaratdığı obraza görə təqdim olunub.
"Ən yaxşı komediya filmi" nominasiyasında Ceyson Uolinerin "Borat 2" ekran işi qalib gəlib. 2020-ci ildə ən yaxşı sseraniyə görə "Qızıl qlobus"u isə "Çikaqo yeddiliyinin məhkəməsi" adlı ekran əsərinə görə Aaron Sorkin alıb.
Xarici dildə ən yaxşı ekran işi üzrə mükafat Koreya mənşəli Amerika rejissoru Li Ayzek Çunun "Minari" filminə təqdim olunub. Animasiya filmləri arasında isə "Soul" adlı cizgi filmi fərqləndirilib.
Qeyd edək ki, kino sahəsində "Qızıl qlobus" mükafatı 1944-cü ildə təsis olunub. Hər il müxtəlif ekran əsərlərinə 20 kateqoriya üzrə bu mükafat təqdim edilir. "Qızıl qlobus" "Oskar"-dan sonra bütün dünyada ən nüfuzlu kino mükafatı hesab olunur.