BAKI, 1 mart — Sputnik. QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Hesablama Palatasının qurumda apardığı yoxlamaları şərh edib.
Sputnik Azərbaycan xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Azay Quliyev Hesablama Palatasının rəhbərlik etdiyi qurumda ilk dəfə yoxlama apardığını bildirib:
"Hər şey şəffaf və açıq olmalıdır. Hesablama Palatasının vəzifəsi büdcədən maliyyələşən təşkilatları yoxlamaqdan ibarətdir. Həmin qurum çatışmazlıqları və nöqsanları aşkarlayır. Burada qeyri-adi hadisə baş verməyib. Mən istəməzdim bu yoxlamanı ictimailəşdirib, mahiyyətindən kənara çıxarsınlar. Normal bir prosedurdur. Qanun pozuntuları ilə bağlı yekun rəy yox yoxdur. Elə bir qurum yoxdur ki, orada nöqsan olmasın. Mən 7 il öncə Hesablama Palatasına yoxlama aparmaq üçün müraciət etmişdim. Həmin vaxt yoxlama olmadı. Amma ilk dəfədir ki, Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında maliyyə yoxlaması aparır".
Xatırladaq ki, Hesablama Palatasının mətbuat xidmətinin rəhbəri Nailə Məhərrəmli bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında yoxlamalara başlanılıb.