BAKI, 27 fevral — Sputnik. "Məşğulluq haqqında" Qanuna edilən dəyişikliklərə əsasən, məşğul şəxslərə dair məlumatların məşğul şəxslərin reyestrinə daxil edilməsi tələbləri yeni redaksiyada verilib.
Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dəyişikliklərə uyğun olaraq, həmin qanuna əsasən, işaxtaran və ya işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmış şəxslərin qeydiyyatı onların elektron müraciəti əsasında nəzərdə tutulan müddətlər (təklif etdiyi münasib işləri qəbul etmədikdə, 1 il müddətində) bitdiyi halda, müraciət edildiyi gündən sonrakı ayın 1-dən bərpa edilir. İşsiz şəxslərlə yanaşı, il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin də peşə hazırlığı ödənişsiz təşkil olunur. Həmçinin tələbə və şagirdlərin valideynlərinə də peşəyönümünə dair məsləhət xidmətləri göstərilir.
Eyni zamanda, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak müqavilə əsasında 1 (bir) il müddətinə verilir.