Azərbaycanın Laçın rayonu ərazisində yerləşən Ağoğlan monastırı bizim eranın V-VI əsrlərinə aid qədim alban məbədidir. Qafqaz Albaniyası dövrünün klassik memarlığı üslubunda olan məbəd 1992-ci il mayın 18-dən 2020-ci il dekabrın 1-dək erməni tərəfinin işğalı altında idi. Təəssüf ki, bu illər ərzində monastır vandalizmə məruz qalıb – məbədin interyerinə və eksteryerinə dəyişikliklər edilib, divardakı yazı və naxışlar silinib, onların əvəzinə isə Georgi xaçı həkk olunub.
İndi monastırı Alban (Qafqaz) apostol kilsəsinin davamçıları olan Azərbaycanın Alban-udin dini icmasının nümayəndələri ziyarət edə bilirlər. Uzun müddət belə imkandan məhrum olan inanclılar dini icmanın sədr müavini Rafiq Danakirinin rəhbərliyi ilə Ağoğlanda keçirilən ayinə qatılıblar, dualar oxuyub şam yandırıblar.