BAKI, 26 fevral — Sputnik. Bakının Qaradağ rayonundakı "Qobu Park" yaşayış kompleksinin məcburi köçkün sakinləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan "Xocalıya ədalət" beynəlxalq kampaniyasına orijinal bir tərzdə dəstək veriblər.
Sputnik Azərbaycan xəbər verir ki, fevralın 25-də gecə vaxtı pəncərələrin işıqları yandırılıb-söndürülməklə kompleksdəki binaların fasadında Xocalı soyqırımını yada salan sözlər və rəqəmlər yazılıb.
Beləliklə, məcburi köçkünlər həmrəylik və birlik nümayiş etdirərək, soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər. Binaların fasadında pəncərələrdən süzülən işıqla bir-birinin ardınca "JUSTICE FOR KHOJALY", "XOCALI" sözləri və soyqırımının baş verdiyi tarixi, soyqırımı qurbanlarının sayını, faciədən ötən müddəti ifadə edən "26 02 1992", "613", "29" rəqəmləri əks olunub.