Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 26 fevral — Sputnik. Ötən il dekabrın 19-da onlayn keçirilmiş milli qiymətləndirmənin nəticələri Təhsil İnstitutu tərəfindən təhlil edilib. Ərazi vahidləri üzrə müqayisə zamanı şəhər məktəblərində təhsil alan şagirdlərin nəticələrinin rayon məktəblərində təhsil alan şagirdlərlə müqayisədə daha yüksək olduğu qeydə alınıb. Belə ki, şəhər məktəbləri üzrə orta müvəffəqiyyət göstəricisi 73,7 faiz, rayon məktəbləri üzrə 64,7 faiz olub. Rayon və şəhərlər ayrı-ayrılıqda müqayisə edildikdə isə ən yaxşı nəticəni Sumqayıt şəhəri (76,8 faiz), ən aşağı nəticəni Saatlı rayonu (54 faiz) göstərib.
Sputnik Azərbaycan keçirilən milli qiymətləndirmənin şagirdlərin real biliyini əks etdirib-etdirmədiyini araşdırıb.
Qeyd edək ki, milli qiymətləndirmə IV, VI və IX siniflərdə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə təşkil olunub. Şəhər məktəblərində təhsil alan şagirdlərin rayon məktəblərində təhsil alan şagirdlərlə müqayisədə daha yüksək olması müəyyən suallara yol açıb.
Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Nail Mirzəyev Sputnik Azərbaycan-a bildirib ki, Saatlının kəndlərində yerləşən məktəblərdə təhsilanların bilik səviyyəsinin aşağı olmasının obyektiv səbəbləri var. Onun sözlərinə görə, internet xətlərinin heç olmaması, yararsız vəziyyətdə olması buna təsir edir.
Təhsil üzrə ekspert Kamran Əsədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Təhsil Nazirliyinin keçirdiyi milli qiymətləndirmə şagirdlərin real biliyini əks etdirmir:
"Çox təəssüf ki, bir çox məktəblərdə şagirdlərin nəticələrinin yüksək olmasının səbəbi onlara kənar müdaxilənin və köməkliyin olmasıdır. Biz sosial şəbəkələrdə də gördük ki, valideynlər uşaqların sualları ilə bağlı kömək istəyiblər. Bir çox məktəblərdə isə xüsusi mərkəzləşmiş vatsap qrupları yaradaraq bütün fənlər üzrə test tapşırıqlarının cavablandırılması həyata keçirilib. Yəni, şagirdlər test tapşırıqlarını çəkib vatsap qrupuna atır, müəllimlər isə cəld şəkildə o sualların cavablarını yazırdılar. Test tapşırıqları heç də dərsliklər əsasında deyil, müəyyən qədər dərsliklərdən kənar verilmiş suallar əsasında tərtib edilib".
K. Əsədov deyir ki, buna görə də, gələcəkdə onlayn keçirilən imtahanlarda yeni model tətbiq edilməli, kompyuterin, telefonun kamerası şagirdlərin üz tanıma-"face-kontrol" proqramına bağlanılmalıdır: " Bundan əlavə imtahanda test tapşırıqlarının cavablandırılmasına vaxt məhdudiyyəti tətbiq etmək lazımdır. Bu kənar müdaxilənin, test suallarının ikinci şəxs tərəfindən cavablandırılmasının qarşısını alar. Bu haldab iz şəffaf qiymətləndirmə həyata keçirə bilərik".
Milli qiymətləndirmənin təhlilini həyata keçirən Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva isə bildirir ki, nəticələr əslində əvvəlki illərdən fərqli deyil. İmtahanın obyektivliyinə gəlincə, Ü. Babayeva deyir ki, imtahana şagirdlər sinif mühitindən yox, evlərindən qoşulub:
"Biz anlayırıq ki, burada sualların cavablandırılmasına şagirdlərə kömək etmə imkanı var. Kiməsə ola bilər ki, bacı-qardaşı, kiməsə valideyni kömək edə bilər. Amma sualların cavablandırılması üçün vaxt məhdudiyyəti tətbiq edilmişdi. Nəzərə almaq lazımdır ki, bunu 100 faiz təmin etmək mümkün deyil. Ona görə də növbəti qiymətləndirmənin kağız üzərində aparılması planlaşdırılır. Pandemiya şəraitində imtahanın başqa cür təşkili mümkün deyildi desək, daha doğru ifadə etmiş olarıq. Dekabr ayında keçirdiyimiz qiymətləndirmə bu dövrədək keçirilmiş mövzuları əhatə edirdi. Ola bilər ki, mart ayında yenidən qiymətləndirmə keçirilsin. Bu mart ayınadək keçirilmiş dərsləri əhatə etsin".
Qeyd edək qiymətləndirmə imtahanları bütün vacib fənləri əhatə etməklə yay aylarında da keçiriləcək.
Məlumat üçün onu da bildirək ki, Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları"na əsasən Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq ümumi təhsil pilləsində müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə milli qiymətləndirmələr təşkil olunur. Sistemli tədqiqat şəklində aparılan qiymətləndirmənin məqsədi etibarlı məlumatların toplanması, təkliflərin verilməsi, problemlərin həlli üçün konkret istiqamətlərin müəyyənləşdirilməsidir. Qiymətləndirmənin əsas məqsədi şagirdlərin təlim nəticələrinə təsir edə bilən amilləri öyrənməklə təhsilin vəziyyəti haqqında məlumat toplamaq, perspektivləri, gələcək fəaliyyəti müəyyənləşdirməkdir.
2020-ci ilin dekabr ayının 19-da keçirilmiş IV sinif şagirdlərinə tədris ili üzrə 15, riyaziyyat üzrə 15 və ingilis dili üzrə 10 sual olmaqla, ümumilikdə 40 tapşırığa qiymətləndirmənin müddəti – 1 saat 20 dəqiqə təşkil edib. VI sinif şagirdlərinə tədris ili üzrə 20, riyaziyyat üzrə 20 və ingilis dili üzrə 20 sual olmaqla, ümumilikdə 60 tapşırığa qiymətləndirmənin müddəti – 2 saat olub. IX sinif şagirdlərinə tədris ili üzrə 30, riyaziyyat üzrə 30 və ingilis dili üzrə 30 sual olmaqla, ümumilikdə 90 tapşırıq təqdim olunacaq qiymətləndirmənin müddəti isə 3 saat təşkil edib.
Bu qiymətləndirmədə ölkədə fəaliyyət göstərən 3500-ə yaxın məktəbdə aparılan tədqiqatda IV, VI və IX siniflərdə təhsil alan 189 445 şagird iştirak edib. Məktəblilər tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qapalı test suallarını cavablandırıblar. Qiymətləndirmədə iştirak edən şagirdlərin 53 faizini oğlanlar təşkil edib. İştirakçıların 88 faizi Azərbaycan bölməsi üzrə təhsil alanlar olub. Gender üzrə müqayisəyə nəzər salsaq, qızlar bütün fənlər üzrə daha yaxşı nəticə göstəriblər. Siniflər üzrə müqayisədə isə IV sinif şagirdləri (37 faiz) daha fəal olub.