Lənkəran rayonuna ötən gün səhər saatlarından başlayaraq yağan qar gecə intensivləşib. Dörd ildən sonra normal qar görən Lənkəran şəhər sakinləri öz sevinclərini müxtəlif cür büruzə veriblər. Ən çox isə təbii ki, balacalar seviniblər.
Rayon ərazisinə 12 sm qalınlıqda qar yağmasına baxmayaraq yollarda heç bir problem yaranmayıb. DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupunun Baş inspektoru Məhəmməd Rzayevin Sputnik Azərbaycan-a verdiyi məlumata əsasən, qarlı havada yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə polis əməkdaşlarının fəaliyyəti gücləndirilib:
“Lənkəran rayonu ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, yol-nəqliyyat hadisələrinin baş verməməsi məqsədilə Dövlət Yol Polisi Bölməsinin əməkdaşlar, Post Patrul Xidmətinin əməkdaşları ilə birlikdə xidmətə cəlb olunublar. Aparılan xidmətinin nəticəsi olaraq Lənkəran rayonu ərazisində heç bir yol-nəqliyyat hadisəsi baş verməyib. Hərəkət iştirakçılarına xəbərdarlıq və tövsiyə edilir ki, sürət həddini hava şəraitinə uyğun tənzimləsinlər, nasaz avtomobillər ilə yola çıxmasınlar və ötmə-manevr qaydalarını pozmasınlar”.