BAKI, 25 fevral - Sputnik. Ermənistanın ikinci prezidenti Robert Köçəryan erməni xalqına müraciət edərək Nikol Paşinyanın istefasına dair Silahlı Qüvvələrin Baş Qərargahının tələbini dəstəkləməyə çağırıb.
"Bu həlledici anda ölkəmizin ağaları olmaq, silahlı qüvvələrin və ordunun yanında dayanmaq lazımdır. Müharibəni uduzmuş və torpağı vermiş hakimiyyət getməlidir. Biizm milli dirçəlişimizin rəhni budur", - o özünün Telegram-kanalında yazıb.
Qeyd edək ki, daha əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklər idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.
Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.
Bəyanatda deyilir ki, Ermənistanın Baş naziri və onun hökuməti bu həyati əhəmiyyətli və böhran anında artıq adekvat qərarlar qəbul etmək iqtidarında deyil.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. Paşinyan tərəfdarlarını meydana çıxmağa çağırıb.