Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 24 fevral — Sputnik. "Bakı şəhərində qarlı hava şəraiti davam edir. Şaxtanın olması bəzi ərazilərdə riski artırır. Dövlət Yol Polisinin bütün şəxsi heyəti səfərbər edilərək əraziləri tam nəzarətə götürməklə xidmət təşkil edib. Yollarda təhlükəsizliyin təmin edilməsi, nəqliyyat vasitələrinin intensiv hərəkətinin təşkil edilməsi ilə bağlı Dövlət Yol Polisinin, Bakı Şəhər İcra Hakimiyyətinin və "Azəravtoyol"un texnikaları ilə birgə yolların təmizlənməsi prosesi davam etdirilir".
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, bəzi ərazilər, xüsusi ilə də enişli-yoxuşlu, sərt döngəli ərazilərdə sürüşmə ehtimalı yaranır: "Bu səbəbdən də, xahiş edirik ki, mümkün qədər şəxsi avtomobildən istifadə etməyin, ictimai nəqliyyata üstünlük verin. Unutmayın ki, təhlükəsizliyin təmini hər bir hərəkət iştirakçısının özündən asılıdır".
"Səhər saatlarında maddi zərərlə nəticələnmiş 26 yol-nəqliyyat hadisəsi baş verib. Sürücülər öncədən yolun sürüşmə ehtimalının olmasını bilməli və avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılmasını sürətlər qutusu hesabına aparmalıdır.
Sürüşmə varsa, təkərlərin təzyiqini aşağı salmaqla əyləclər qutusunun hesabına hərəkət edilməlidir ki, nəqliyyat vasitəsinin sürüşməsinin qarşısı alınsın. Sürücülər yol nişanlarının tələblərinə, tənzimləyici-texniki vasitələrin göstəricilərinə düzgün riayət etməyə borcludurlar", - deyə V.Əsədov əlavə edib.
O bildirib ki, belə hava şəraitindən asılı olamayaraq sürücülər dövlət nömrə nişanları və işıq cihazlarının da təmiz saxlanılmasına şərait yaratmalıdır: "Əks halda, inzibati xəta tərkibi yaranar və bu da sürücünün məsuliyyətə cəlb edilməsinə səbəb ola bilər".