BAKI, 24 fevral — Sputnik. "Biz iş başındayıq, probleminiz varsa, dərhal bizi məlumatlandırın". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən abonentlərə çağırış edilib. Bildirilib ki, qaz təchizatına dair yarana biləcək çətin durum barədə “Azəriqaz” İB-nin Çağrı Mərkəzi ilə əlaqə saxlanılsın.
Qaz təchizatı ilə bağlı hansısa problem yaranarsa, 104/185 çağrı mərkəzləri və 077 310 41 04 Whatsap nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.
Qeyd edək ki, ötən gün gecə saatlarında “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Facebook" sosial şəbəkəsindəki şəxsi səhifəsindən canlı yayım təşkil edib. Baş direktor havaların kəskin dəyişməsi ilə bağlı qaz təchizatında hər hansı bir problem yaranıbsa, bunu abonentlərdən özü dinləmək istəyib. Təqribən 40 dəqiqə davam edən yayım zamanı respublikanın ayrı-ayrı yaşayış məntəqələrindən müxtəlif səpkili müraciətlər səsləndirilib. Ruslan Əliyevlə bağlantıya 7 minə yaxın "Facebook" izləyicisi qoşulub. 703 rəy yazılıb. Statistik analiz göstərir ki, bir çox abonent qazın təzyiqindən razı idi. Bəzi yerlərdə isə xırda problemlər müşahidə olunurdu. Canlı yayıma Birliyin bütün əlaqədar strukturlarının rəsmi şəxsləri də qoşulmuşdular. Onlar abonentlərin qarşılaşdıqları çətinliklər barədə yazılan şərhləri dərhal qeydiyyata alaraq, əlaqə nömrələrini istəyirdilər.