BAKI, 24 fevral - Sputnik. Paytaxt əhlinin çoxdan gözlədiyi qar, demək olar ki, Bakıda həyatı iflic edib. Sputnik Azərbaycan-ın məlumatına görə, şəhərin bir çox rayonlarında səhər saatlarında yola çıxıb işə getmək üçün marşrut avtobusları axtaranlar heç taksi də tapa bilməyiblər.
Yollardakı durumla bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev də açıqlama verib. Onun sözlərinə görə, avtobuslar işləyir, ancaq minimal sürətlə: "Dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava şəraiti paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Bir sıra istiqamətlərdə, xüsusən də enişli-yoxuşlu ərazilərdə, körpülərin üzərində və tunellərin çıxışlarında yolun hərəkət hissəsi buz bağlayıb.
Bu səbəbdən də hazırda əsasən Heydər Əliyev (şəhər mərkəzi kənar yol) və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb. Təhlükəsizlik məqsədilə və meteoroloji amilləri nəzərə alaraq sərnişin avtobusları minimal sürətlə hərəkət edir.
Koroğlu Nəqliyyat Mübadilə Məkrəzində sərnişinlərin və avtobusların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvafiq tədbirlər görülür. Səhər saatlarından mərkəzin giriş və çıxış hissələri, pilləkənlər qardan təmizlənir".
BNA rəsmisi hərəkət iştirakçılarından ehtiyatlı olmalarını, sürücülərdən sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edib. Eyni zamanda, piyadalara yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edib.
Sumqayıtdan aldığımız məlumata görə, orada da nəqliyyat vasitələrinin hərəkəti, demək olar ki, müşahidə olunmur.
Xırdalan şəhərindən Bakı istiqamətində isə marşrut avtobusları fəaliyyət göstərir.