BAKI, 23 fevral — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xalq artisti Yalçın Rzazadənin ailəsinə başsağılığı verib.
Sputnik Azərbaycan xəbər verir ki, başsağılığı mətnində deyilir:
"Azərbaycan Respublikasının Xalq artisti Yalçın Rzazadənin vəfatı xəbərini kədər hissi ilə qarşıladım. Müasir musiqi sənətimizdə öz dəst-xətti ilə seçilən Yalçın Rzazadə ifaçılıq məharəti və səhnə mədəniyyəti ilə musiqisevərlərin dərin hörmət və məhəbbətini qazanmışdır. Çoxillik təcrübə və biliyini, estrada sənətinin bütün sirr və incəliklərini həvəslə gənclərə öyrədən sənətkarın yaradıcılıq yolu gənc ifaçılar nəsli üçün əsl sənət məktəbidir. Onun "Dədə Qorqud", "Gün keçdi", "Qaynana", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərdə səsləndirdiyi mahnılar xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir.
Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar ailənizin üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm".