BAKI, 22 fevral — Sputnik. Hazırda Kəlbəcərə yeni yol çəkilişinin layihələndirilməsi aparılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, dövlət başçısı Agentliyə azad olunmuş torpaqlarımıza aparan yolları qısa müddətdə bərpa etmək tapşırığı verib: "Yeni yol çəkilişi Gəncə-Göygöldən keçəcək. Hələlik düşmənlə birgə yaşayışın təminatına qədər Tərtər-Ağdərə-Kəlbəcər yolundan sülhməramlıların iştirakı ilə istifadə edirik. Ölkə başçısının tapşırığına əsasən, əhalinin təhlükəsiz keçidini təmin etmək məqsədilə yeni yol inşa edilir. Artıq 2 aya yaxındır ki, yolun layihələndirilməsi həyata keçirilir. Yol çəkilişi Türkiyə şirkəti ilə birgə aparılacaq. Martdan etibarən Kəlbəcər yolunun çəkilişinə başlanılacaq".