Emin Babayev, Sputnik Azərbaycan
BAKI, 21 fevral — Sputnik. Qırx dörd günlük Vətən müharibəsinin nəticəsində torpaqlarımız təxminən 30 illik işğaldan azad olunmaqla cəbhəyanı kəndlər və təmas xətti anlayışları da sıradan çıxdı. Ağdamın Çıraqlı kənd sakinləri deyirlər ki, indi əkin sahələrində rahat işləyə bilirlər. Kəndin bir neçə yüz metrliyində olan erməni postlarını rəşadətli Azərbaycan Ordusu darmadağın etdikdən sonra Çıraqlı da nəfəs ala bildi.
Çıraqlı kənd sakini Füzuli Aslanovun Sputnik Azərbaycan-a dediyinə görə, əvvəllər kənddə həyat çox təhlükəli olub: "Ermənilər iriçaplı silahlardan kəndi tez-tez atəşə tuturdular. Demək olar ki, səhəri ayıq gözlə açırdıq. Yatan da səksəkə içərisində yatırdı. İndi kənddə həyat firavandır. Hər kəs öz işi ilə rahat şəkildə məşğul olur".
Ağdamın təmas xəttində olan kəndlərini düşmən gülləsindən istinad divarları qoruyurdu. Yerli sakinlərin verdiyi məlumata görə, bəzi vaxtlarda bu belə, insan itkilərinin qarşısını ala bilmirdi. 27 illik atəşkəs dövründə erməni gülləsinə tuş gələn kənd sakinləri içərisində yaralanan da olub, dünyasını dəyişən də. Kənd sakini Səyavuş Şükürov deyir ki, istinad divarları olmasa, kənd sakinləri arasında daha çox itki yaşanardı.
"Kənddə hündürlüyü üç metrdən artıq olan istinad divarları tikilmişdi. Ən uzun divarlar isə ermənilərlə təmas xəttində qurulmuşdu. Amma bununla belə, bəzən düşmən gülləsi kənd sakinlərinin həyatına son qoyurdu. Yəni burada hər gün ölüm təhlükəsiylə ötürdü.
Elə məhz istinad divarı çəkiləndən sonra mənim bacım erməni gülləsinə tuş gəlib yaralandı. Tək mənim bacım yox, istinad divarı tikiləndən sonra kənddə 9 nəfər yaralanıb. Amma o da olmasaydı, ermənilərin atdığı güllələr çoxlarının həyatına son qoya bilərdi. Divarların üstünü güllələr, qəlpələr deşik-deşik edib. Ancaq buna baxmayaraq, heç kəs evini tərk etmədi. Müharibədə də kənd camaatı yurdunda qaldı. Evlərimizə mərmi düşdü. Yaralananlarımız da oldu. Amma kimsə evini qoyub, çıxmadı".
İndi azad və təhlükəsiz həyat yaşayan kənd sakinləri təsərrüfat işləri ilə gündüz də məşğul ola bilirlər. Müsahibimizin sözlərinə görə, vaxtı ilə ermənilər kəndi intensiv atəşə məruz qoyduğundan əkin sahələrində gecələr işləməli olublar. Kənd sakini Səyavuş Şükürov da erməni terrorundan zərər çəkənlərdəndir. Deyir ki, düz iyirmi yeddi il gecəni gündüzlə əvəzləməli olub.
"Torpaqlar düşmən nəzarətində olduğundan xüsusilə gecə işləməli olurduq. Təssəvvür edin, hər kəs yatıb, sakitlik, sənsə sahədə işləyirsən. Özü də qaranlıqda. Texnikanın işığını yandıran kimi ermənilər həmin istiqaməti atəşə tuturdular. Olduqca çətin idi. Əkin sahələrində işləyə bilmirdik. İndi rahat əkin-biçin işləri ilə məşğul oluruq".
Kənd sakini Hikmət Məmmədov deyir ki, Vətən müharibəsindən sonra kəndlərdə canlanma var: "Biz iyirmi yeddi ili yaşamamışıq. Şəxsən mənim 27 ilim hədər gedib. Elə bilirəm ki, o illəri həyatımdan fələk alıb, aparıb. Heç, heç yaşamamışıq. İndi şükür Allaha. Günün günorta çağı qonum-qonşu yığılır, işə gedirik. Əkin-biçinlə məşğuluq. Allah ölkə başçımızdan, ordumuzdan razı olsun".
Kəndin balaca sakinləri üçün də təhlükəsiz həyat başlayıb. Murad Məmmədov deyir ki, göz açandan bir dəfə də olsun, küçəyə çıxıb, tay-tuşları ilə rahat oynaya bilməyib: "Nə vaxt çıxırdıq, ermənilər bizi görən kimi atəşə tuturdular. İndi istədiyim vaxt evdən çıxıb, uşaqlarla rahat oynaya bilirəm. O qədər oynamamışam ki, doymuram oynamaqdan".
Hazırda əvvəllər neytral ərazi kimi bilinən torpaqlar minalardan təmizlənir. Proses başa çatdıqdan sonra uzun illərdən sonra həmin münbit torpaqlar əkiləcək. Bu da kənd sakinlərinin rifah halını daha da yaxşılaşdıracaq.