CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənilərin yelləncəkdə qətlə yetirdiyi yeddi yaşlı mələkdən sonra nələr baş verib

© Photo : REPORTBərdədə 7 yaşlı Aysu İsgəndərovanın dəfni
Bərdədə 7 yaşlı Aysu İsgəndərovanın dəfni - Sputnik Azərbaycan, 1920, 21.02.2021
Abunə olmaq
Ermənistan silahlı qüvvələrinin Bərdənin Qarayusifli kəndinə atdığı raket nəticəsində dünyasını dəyişənlərdən biri də 7 yaşlı Aysu idi. Niyə öldürüldüyünü bilmədən torpağa gömülən bu qızcığazdan sonraya ancaq göz yaşları, bir də xatirələr qalıb.

Emin Babayev, Sputnik Azərbaycan

BAKI, 21 fevral — Sputnik. Yastıqdan da balaca bədəni indi torpaq altında uyuyur 7 yaşlı Aysunun... Bu balaca qızcığazın qətli bütün dünyanın diqqətini erməni vandallığına çəkməyə bəs edir. Lakin dünya hələ də susmaqdadır. Halbuki 7 yaşlı qızcığaz bu dünyadan qoparıldı. Günahsız və kiçik Aysu balamız. Qayıdaq o gecəyə. Şahidlərlə dolu hadisədə hər kəs narahat idi. "Bir neçə saat əvvəl Aysu gülürdü, oynayırdı, amma indi o yoxdur", - deyə Aysunu xəbər aldıqlarımız deyirdi.

ANADAN GİZLƏDİLƏN BALA FACİƏSİ

Bəlkə də xəyalları, atasından, anasından istəyəcəyi arzuları vardı. Ermənistanın atdığı raket onu ailəsindən qopardı. Xəstəxanada yaralı olan anası bu baş verənlərdən xəbərsiz idi. Saatlar çəkdi. Amma heç kəs cürət edib, anaya balasının şəhid olduğunu deyə bilmədi. Ata isə o hadisənin şokunu yaşamaqdaydı. "Nə deyəcəyimi bilmirəm. İşdə idim. Traktor sürürdüm. Səs eşitdim. Tüstü bizim evimiz tərəfdən qalxdı. Getdim ki, uşaq yoxdur".

"DAXİLİ ORQANLARI ÇÖLƏ DAĞILMIŞDI"

Atası danışır ki, o gecə hadisə yerinə çatıb övladını görəndə dəhşətə gəlib: "Uşağı görəndə qarın nahiyəsindən daxili orqanları çölə dağılmışdı. Onları yığıb uşağın meyitini apardım".

Erməni qüvvələrinin açdıqları atəşdən sonra Tərttərdə vəziyyət - Sputnik Azərbaycan, 1920, 27.10.2020
QARABAĞ
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı

Məsum həyatı bir neçə dəqiqə ərzində sona çatan 7 yaşlı Aysu İsgəndərova erməni vandalizmi nəticəsində həyatını itirən onlarla körpədən biridir. Atasının üzünün gülüşü olan balaca qızcığaz artıq aylardır həmin gülüşü qəfil ölümü ilə kədərə və göz yaşına çevirib: "Aysunun arzuları çox idi. Hamısı puç oldu. Mənə əziyyət də vermədi. Xəstə olsaydı, əziyyətini çəkərdim. Heç olmasa ürəyimdə qalmazdı", - deyir müsahibimiz.

"GETDİM Kİ, YOXDUR…"

Rövşən İsgəndərov hadisə baş verən gecə yaşadıqlarını aylar sonra ilk dəfə bizimlə bölüşməyə çalışır. "Atamla işdə idim. Göydə partlayış oldu. Sevindik ki, nə yaxşı oldu. Kəndi vururdular, bizimkilər onu partlatdı. Aradan 6-7 saniyə keçmədi".

Aram-aram düşüncələrin əsirinə çevrilən müsahibimiz sanki nəyisə dəqiqliklə düşünüb, nəticə çıxarmaqdadır. "Mənim 32 yaşım var. Mən elə bir səs eşitməmişdim. Toz-torpaqdan heç hara görsənmirdi. Aysu da, getdim ki, yoxdur".

"KAŞ AYSU DA ELƏ OLARDI…"

O qorxunc gecədə Aysu ilə bərabər Rövşən İsgəndərovun daha bir qızı qəlpə yarası almışdı. "Dizdən aşağı qəlpə girmişdi. Kaş Aysu da elə olardı. Ayağını qıraydı. Allah haqqı onu yaşadardım mən…"

Ermənilərin Bərdəni atəşə tutduğu gecə ayağından qəlpə yarası alan Tahirənin vəziyyəti yaxşıdır. Amma hərdən soyuq olanda əziyyət çəkdiyini deyir. "Aparmışdım həkimə. Dedi yara çiydi, düzələcək".

ƏCƏL ONU XEYLİ UZAQLAŞDIRIB

Bəlkə də anasının o mənzərəni görəcəyinə əcəl də qıymayıb. Erməni vəhşiliyinin nəticəsində qətlə yetirilən Aysunun can verməsi səhnəsinin şahidinə çevrilməsin deyə əcəl balaca qızcığazı bir az da qovub, o gecə… "Qəribədir. Hadisə baş verən gecə əcəl Aysunu anası və bacılarından xeyli uzaqlaşdırıb. Aysu yelləncəkdə olub. Anası ilə uşaqlar evin başında olub. Ayaqqabıları yelləncəkdə qalıb. Ordan görsənir ki, o, yelləncəkdə olub. Onu yelləncəkdə vurublar".

"ELƏ SAKİT YATMIŞDI Kİ…"

Bir atanın acısı ilə baş-başa qalırıq. Övlad dağı görmüş, səhər balasını bağrına basıb, axşam cənazəsini qucaqlayan, geri dönəndə balasının qarşısına yüyürəcəyini gözlədiyi halda, parçalanmış və cansız bədəni ilə üzləşən atanın aylar keçsə, illər ötsə də acısı dinməyəcək. Hisslərini özü də izah etməkdə çətinlik çəkir. "Onu izah etmək çətindir. Birdən gəlib ürəyinə elə girir ki, ha istəyirsən başını qatasan, mümkün deyil".

Последствия обстрелов в Бардинском районе Азербайджана - Sputnik Azərbaycan, 1920, 27.10.2020
QARABAĞ
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO

Aysunun babası da olduqca pərişandır. O deyir ki, elə bilir hadisə dünən gecə baş verib. "Hər gecə o ağrını yaşayırıq. Günlər ötüb, aylar da keçib. Amma hava qaralana yaxın sanki ürəyimi tutub sıxırlar. Elə bilirəm ki, bu dəqiqə yenə pis xəbər alacam. Balaca balamı sonuncu dəfə qucağıma aldığım hələ yadımdan çıxmayıb. Elə sakit yatmışdı ki…", – deyir və göz yaşlarına boğulur.

SƏSİMİZƏ SƏS VER, DÜNYA!...

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun Qarayusifli kəndini "Smerç" tipli raketlərdən atəşə tutması nəticəsində Aysu İsgəndərova ilə bərabər kənddə 5 dinc sakin həyatını itirib. Bəli, budur erməni vandallığı… Amma dünya susur. Hələ də susmaqdadır... Nədənsə bir həqiqəti anlamaq istəmirlər. Axı erməni vandallığı sərhəd tanımır. Bu gün dünyanın bu başında erməni cəlladlığının şəhidi olan Aysu kimi dünyanın o başında daha neçə körpəni eyni tale gözləyir, bilmirik…Bildiyimiz də, istəyimiz də, hətta tələbimiz də…Səsimizə səs ver dünya! 

Xəbər lenti
0