Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 20 fevral — Sputnik. Bir neçə gün öncə Mədəniyyət naziri Anar Kərimov ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarının rəhbərləri ilə görüşüb. Bəs görəsən bu görüşün ölkəmizdəki yerli kanalların inkişafına təsir edəcəkmi? Ümumiyyətlə, Azərbaycan TV-ləri mədəniyyətin təbliğinə necə diqqət yetirir? Suallarımızı media eksperti, professor Qulu Məhərrəmliyə yönləndirdik. Q. Məhərrəmlinin Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə, problemləri həll etmək baxımından bu görüşlər əhəmiyyətlidir: "Fikrimcə, nazirliklər televiziya rəhbərləri ilə görüşməklə yanaşı, onlara konkret layihələrlə müraciət etsin. Bunun 2 tərəfi var: birincisi həmin problemlər ekrana çıxır, ikincisi də həmin layihələrin icrası üçün qrumlar televiziyaların maliyyələşməsinə həmin qrumlar yardımçı ola bilər. Lakin, bu görüş keçirildi, bunun nəsə nəticəsi olacağını düşünmək sadəlövlük olardı".
"Azərbaycan TV-ləri mədəniyyətin təbliğinə necə diqqət yetirir?" sualına media ekspertinin cavabı belə oldu: "Düşünürəm ki, televiziyalarda digər sahələrə baxanda mədəniyyət sahəsində olan problemlər daha çox işıqlandırılır. Amma bu işıqlandırmada problemlər var. Formatlar bir-birinə bənzəyir. Mövzular rəngarəng deyil".
Məhərrəmlinin fikrincə, birinci növbədə televiziyalara olan münasibəti dəyişmək lazımdır: "Məsələn, "Space"nin rəhbərini dəyişdilər, hamı güman edir ki, kanalda nələrsə müsbətə doğru dəyişəcək. Çünki,Vaqif Mustafayev televiziyaya hind kinosu kimi baxırdı. Yaxşı kinorejissor idi, amma televizyanın fəlsəfəsini, sosial aspektlərini, cəmiyyətdəki yerini lazımi şəkildə qavrıya bilmirdi. Televiziya açıq tribunadır, bundan səmərəli istifadə etmək lazımdır. Ona məhdudiyyətlər yox, peşəkarlıq baxımından yüksək standartlara uyğun verilişlər hazırlanmalıdır ki, orada diskusiyalar getsin, maraqlı verilişlər olsun, tənqidi yanaşmalar olsun. Cəmiyyətdəki sosial problemləri sosial şəbəkələrdə yox, televiziyalarda müzakirə etmək lazımdır".