BAKI, 20 fevral — Sputnik. ABŞ iqlim dəyişikliyinin ən pis nəticələrindən qaçmaq üçün dünyanın yalnız 9 ili qaldığı ilə bağlı xəbərdarlıq edib.
Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, ABŞ-ın iqlim üzrə xüsusi təmsilçisi Con Kerri deyib: "Alimlər 3 il əvvəl bizə iqlim böhranının ən pis nəticələrindən qaçmaq üçün 12 il olduğumuzu söylədilər. 3 il keçdi və indi yalnız 9 ilimiz var".
ABŞ-ın yenidən rəsmən Paris İqlim Sazişinə qoşulmasından sonra BMT Baş katibi Antonio Quterreş ilə ortaq bir açıqlama verən Kerri, iqlim böhranı ilə mübarizədə "aqressiv" tədbirlərə ehtiyac olduğunu söyləyib.
O, meşələrin salınmasının 5 dəfə, bərpa olunan enerjiyə keçidin 6 dəfə və elektrikli nəqliyyat vasitələrinə keçidin 22 dəfə sürətləndirilməli olduğunu dilə gətirib. Kerri həmçinin dünyanı ən çox çirkləndirən 17 ölkədə karbon emissiyalarının azalmasını sürətləndirməyə çağırıb.