BAKI, 19 fevral — Sputnik. İkinci Qarabağ müharibəsində "Vətən yaxşıdır" mahnısı ilə tanınaraq dastana dönən şəhid gizir Xudayar Yusifzadənin xatirəsi bir vaxtlar təhsil aldığı Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbində əbədiləşdirilib.
Sputnik Azərbaycan xəbər verir ki, məktəbin foyesində "Azərbaycan bayrağı" ordenli şəhidin büstü qoyulub. Açılış mərasimində Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, məktəbin kollektivi, şəhidin ailə üzvləri, müəllimləri və döyüş yoldaşları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin bir qrup müəllim-professor heyəti iştirak edib.
Əvvəlcə şəhid Xudayar Yusifzadənin büstünün və İkinci Qarabağ müharibəsində şəhid olan bərdəli gənclərin xatirəsinə ehtiram əlaməti olaraq hazırlanmış guşənin önünə əklil və çiçəklər düzülüb. Mərasimdə bir sıra rəsmi şəxslərlə yanaşı, şəhid Xudayar Yusifzadənin ailəsi, döyüş yoldaşları çıxış edərək onun keçdiyi döyüş yolundan, göstərdiyi igidlik və şücaətdən danışıblar.
Tədbirin sonunda Azərbaycanın Əməkdar artisti Elnur Zeynalov "Xudayar" təsnifini, məktəbin müəllimləri Fuad Əzizzadə və Yasin Əkbərov "Qarabağ şikəstəsi"ni ifa ediblər.
Qeyd edək ki, şəhid gizir Xudayar Yusifzadə 1998-ci ildə Bərdə rayonunda anadan olub. 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib. Döyüşlərdəki şücaəti ilə seçilən Xudayar həm də gülər üzü, Vətən sevgisi və xoş avazı ilə qəlblərə yol tapıb.