BAKI, 18 fevral — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qarlı hava şəraiti ilə bağlı ölkənin avtomobil yollarındakı vəziyyəti açıqlayıb. Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hazırda marşrut boyu yağıntı yoxdur. Nəqliyyatın hərəkəti təmin olunub. Xınalıq kəndinə gedən avtomobil yolunun 35-37 km hissəsində qar uçqunu olub, hərəkət məhdudlaşıb. Hazırda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
Giləzi-Xızı avtomobil yolunda gecə saatlarında 2-3 sm qar yağıb, 4-5 dərəcə şaxta olub. Hal-hazırda yağıntı yoxdur, səhər saatlarından başlayaraq yola duz-qum qarışığı səpilir. Yolda nəqliyyatın hərəkəti təmin olunub.
Bakı-Qobustan avtomobil yolunda səhər saatlarından başlayaraq qar yağır, hazırda yola qum və duz səpilir. 1-2 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Qobustan-Şamaxı-Muğanlı avtomobil yolunda qar yağır, 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum və duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı-Ağsu-Yevlax avtomobil yolunda marşrut boyu zəif qar yağır, Muğanlı və Ağsu ərazisində 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı-Ələt-Hacıqabul avtomobil yolunda yolun Bakı-Ələt hissəsində zəif qar yağır, Yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul-Ucar-Yevlax avtomobil yolunda gecə saatlarında zəif qar yağıb, Hacıqabul rayonu ərazisində yolda buzlaşma olub. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Yevlax-Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda marşrut boyu gecə saatlarında 3-5 sm qalınlıqda qar yağıb. Hazırda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Muğanlı-İsmayıllı avtomobil yolunda marşrut boyu gecə saatlarında 3-5 sm qalınlıqda qar yağib. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur. 4-5 dərəcə şaxta var.