Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Yeni dalğa: beşinci neft bumu proqnozlaşdırılır

© AFP 2024 / DELIL SOULEIMANНефтяная качалка, фото из архива
Нефтяная качалка, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.02.2021
Abunə olmaq
Son yüz ildə xammal-əmtəə bazarında dörd yüksəliş dövrü qeydə alınıb. Sonuncusu 1996-cı ildə başlayıb və 12 ildən sonra – 2008-ci ildə pik nöqtəsinə çatıb. Bu məsələdə dünyanın əsas karbohidrogen istehlakçısı olan Çinin iqtisadi inkişafı da öz rolunu oynayıb.

BAKI, 18 fevral — Sputnik, Natalya Dembinskaya. Hamının pandemiya səbəbindən çökən neft sənayesinin nə zaman bərpa olunacağı, tələbin təklifi üstələyib-üstələməyəcəyini müəyyənləşdirməyə can atdığı bir vaxtda dünyanın ən böyük investisiya banklarından olan "JP Morgan Chase"-in mütəxəssisləri bəyan etdilər: artıq xam neft bazarlarında son yüz ildə sayca beşinci yüksəliş dövrü başlayıb. RİA Novosti bunun dünya iqtisadiyyatı üçün nə demək olduğunu araşdırmağa çalışıb.

Həssas bərpa dövrü

2020-ci ildə neft sənayesi bir neçə çöküş dalğası yaşadı. Buna bir sıra amillər təsir göstərdi ki, onların başında da tələbin kəskin azalması ilə xammalın həddindən artıq istehsalı, pandemiya və karantin tədbirləri gəlir. Mart ayında neft qiymətləri iki dəfədən çox artdı. Bununla belə, payızın sonlarında Qərbdə koronavirus peyvəndlərin uğurla sınaqdan keçirilməsi və ABŞ-da prezident seçkisinin yekunlaşması neft bazarını canlandırdı. Co Bayden yaşıl texnologiyaların tərəfdarıdır və Donald Trampdan fərqli olaraq, amerikalı neftçilərə dəstək olmaq niyyətində deyil. Yanvar ayında neftin qiyməti səkkiz ayın maksimum səviyyəsinə çatdı. Artım OPEC+ ölkələrinin hasilatı məhdudlaşdırmaq üçün verdiyi növbəti qərarların fonunda davam etdi. Nəticədə, hazırda neftin bir bareli 63 dollara satılır. Bu dinamika açıq-aşkar neft sənayesinin bərpa olunduğundan və gələcək inkişaf üçün şərait yarandığından (ilk növbədə yaşıl energetikaya keçməyə tələsməyən Asiya ölkələrində tələbin artması hesabına) xəbər verir. Halbuki cəmi bir ay əvvəl belə ürəkli proqnozlar səsləndirilmirdi. Belə ki, "Fitch" beynəlxalq reytinq agentliyi yalnız sürətli vaksinasiya prosesi aparılacağı təqdirdə nisbətən müsbət irəliləyişin yarana biləcəyini bildirmişdi. Ancaq analitiklər bu halda belə, canlanmanın cüzi xarakter daşıyacağını vurğulamışdılar.

Beşinci dövrə

Bununla belə, fevral ayının əvvəllərində nəhəng investisiya bankı olan "JP Morgan Chase"-in iqtisadçıları bəyan etdilər ki, xammal bazarında artımın yeni yüksəliş dövrü başlayıb. Onlar aşağıdakı göstəricilərə əsaslanırdılar: kənd təsərrüfatı məhsullarının və metalın qiymətinin qalxması və neftin bir barelinin qiymətinin 50 dollardan yuxarı olması.

Son yüz ildə xammal-əmtəə bazarında dörd yüksəliş dövrü qeydə alınıb. Sonuncusu 1996-cı ildə başlayıb və 12 ildən sonra, 2008-ci ildə pik nöqtəsinə çatıb. Bu məsələdə dünyanın əsas karbohidrogen istehlakçısı olan Çinin iqtisadi inkişafı da öz rolunu oynayıb.

Hazırkı yüksəliş dövrünü isə pandemiyadan sonrakı bərpa prosesi, "həddən artıq yumşaq" pul-kredit və büdcə siyasəti, dolların mövqeyinin zəifləməsi, inflyasiyanın artması və aqressiv ekoloji siyasət şərtləndirir.

Eyni zamanda, hazırkı vəziyyət 2000-ci illərin ortalarını xatırladır: əmtəə bazarındakı qiymətlər çox illik həddədir. Məsələn, Çin xeyli miqdarda qarğıdalı və soya alandan sonra, ABŞ-da bu məhsulların qiyməti rekord səviyyəyə çatdı. Qlobal səhmlərdəki azalma isə defisit qorxusunu gücləndirir.

Platinlə misin də qiyməti zirvədədir. "RJO Futures" şirkətinin aktivlərin idarə olunması üzrə meneceri Con Karuzonun da qeyd etdiyi kimi, platində tələb təklifi üstələyir, mis ehtiyatları isə London Metal Birjası və "Comex"də on illik maksimuma yaxınlaşır.

"Bloomberg" yazır: "Təklifin qlobal bolluğu azaldıqca neft pandemiyanın dərinliklərindən inamla çıxır".

"JP Morgan"-a görə, digər əhəmiyyətli amillər neft hasilatını azaldan və yenilənə bilən enerji infrastrukturunun yaradılması üçün lazım olan metallara tələbatı artıran iqlim dəyişikliyinə qarşı mübarizə, həmçinin akkumulyatorlar və elektrikli nəqliyyat vasitələrinin istehsalıdır.

Sabit trend

Xammal bazarında uzunmüddətli bum yaşanacağı inandırıcıdır, belə ki, Uoll-Strit pandemiyadan sonra iqtisadiyyatın sürətli bərpasına gediş edir və inflyasiya ilə bağlı yarana biləcək riskləri sığortalayır.

Əmtəə bazarında qiymət artımını yalnız "JP Morgan Chase" deyil, "Goldman Sachs Group", "Bank of America", "Ospraie Management" kimi maliyyə nəhəngləri də proqnozlaşdırır. Arqumentlər eynidir - iqtisadiyyatı və kütləvi vaksinasiyanı dəstəkləmək üçün genişmiqyaslı təşviq proqramları.

Xüsusən də "Goldman Sachs", dördüncü rübdə Brent markalı neftin bir barelinin qiymətinin 65 dollar olacağını proqnozlaşdırır. Eyni zamanda, istehlak qışda günə üç milyon barel azalacaq ki, bu da evlərin qızdırılması və hələlik koronavirusla nisbətən uğurla mübarizə aparmağa nail olmuş Çindən tədarük tələbi ilə qismən kompensasiya olunacaq.

"Ancaq qış problemləri COVID-19-un ikinci dalğası kimi neft bazarının normallaşması yolunda kiçik maneədir", – deyə bank analitikləri qeyd edirlər.

"Bank of America" (BofA) "Brent" markalı neftin birinci yarımilin sonunda 60 dollara yüksələcəyini təxmin edir. BofA-da belə hesab edirlər ki, dünya neft istehlakının yarıdan çoxunu təmin edən yanacağa olan tələbat gündəlik 1,6 milyon barel kəsir yaradacaq.

OPEC və Beynəlxalq Enerji Agentliyi də ilin ikinci yarısında tələbin istehsaldan daha sürətli artacağını və bunun pandemiyanın başlanğıcından bəri yığılıb qalmış neft ehtiyatlarını "azaldacağını" proqnozlaşdırır.

Xəbər lenti
0