Elvin Səlimov, Sputnik Azərbaycan
BAKI, 18 fevral — Sputnik. "ABŞ tərəfindən qətliamla bağlı açıqlama verilib. Bəs siz terrorçuların yanında deyildiniz?! Bəs siz PKK-nın yanında deyildiniz?! Bəs siz YPG-nin yanında deyildiniz?! Terrorçuların yanındasınız və arxasındasınız"-, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Xatırladaq ki, bir neçə gün öncə 13 Türkiyə vətəndaşının PKK terrorçuları tərəfindən qətlə yetirilməsi barədə məlumat yayılıb. Bundan sonra Türkiyə silahlı qüvvələri İraq ərazisində məskunlaşmış terrorçu qüvvələrə qarşı antiterror əməliyyatına başlayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a, xüsusən də yeni fəaliyyətə başlayan Bayden administrasiyasına qarşı belə sərt mövqe sərgiləməsi maraqla qarşılanıb.
Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a bildirib ki, təkcə terror təşkilatı PKK deyil, Türkiyənin ətrafında nə qədər düşməni varsa aktivləşib: "Təbii ki, bunun da özünəməxsus geosiyasi səbəbləri var. Aralıq dənizində Misir, Fransa, Yunanıstan, eyni zamanda Fars körfəzi ətrafında olan bəzi ərəb dövlətləri Türkiyəyə qarşı aktivləşiblər. Bunları aktivləşdirən Baydenin hakimiyyətə gəlməsidir. Bu dövlətlər Baydeni Ərdoğanın şəxsi düşməni kimi görürlər və düşünürlər ki, Bayden Ərdoğanı hakimiyyətdən salacaq. Bu dövlətlər Ərdoğanı devirməkdə ABŞ-a yardım etdiklərini göstərmək istəyirlər ki, nəsə bir pay alsınlar".
Politoloqun fikrincə, Ərdoğan Türkiyə daxili siyasətinin ən mahir ustasıdır:
"O heç vaxt imkan verməyəcək ki, ölkəsinin sərhədləri xaricindəki anti-Ərdoğan qüvvələrin təsiri Türkiyənin daxilinə nüfuz etsin. Düşünürəm ki, bir az keçəndən sonra Bayden administrasiyası da Ərdoğanla hesablaşacaq. Biz ABŞ-ın son terror olayına verdiyi iki fərqli münasibətə şahid olduq. Əgər birinci açıqlamada ABŞ administrasiyası şərtlə çıxış edirdisə, ikinci bəyanatında buna düzəliş etdiyini gördük. İnanıram ki, Ərdoğan hökuməti digər məsələlərdə də ABŞ-ın Türkiyəyə yanaşmasını dəyişməyi bacaracaq".
Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyir ki, Türkiyə artıq bir neçə ildir milli təhlükəsizliyini təhdid edən, bölücü fəaliyyətlərə cəhd edən terror qruplaşmalarına qarşı əməliyyatlar həyata keçirir. Onun sözlərinə görə, təhdidlər aradan qalxana qədər Türkiyə bu əməliyyatları davam etdirəcək: "Son günlər terror qruplaşmalarının Türkiyəyə qarşı aktivləşməsi müşahidə edilir. Anlamaq lazımdır ki, bu aktivlik sıradan bir şey deyil və konkret səbəbləri var. ABŞ-ın yeni prezident administrasiyası Yaxın Şərq siyasətinə dair strategiyasını açıqladıqdan sonra terror qrupları da aktivləşib. Məlumdur ki, ABŞ "ərəb baharı"ndan sonra bölgədəki bölücü terror təşkilatlarına maddi-texniki dəstəyini davam etdirir. Buna görə zaman-zaman ABŞ-Türkiyə münasibətlərində yaranmış gərginliklərin şahidi olmuşuq".
"Türkiyə hər zaman bəyan edib ki, bütün terror təşkilatlarına eyni münasibət göstərilməlidir və haqlı olaraq da ABŞ-ı terror təşkilatlarına yanaşmada ikili standart sərgiləməkdə ittiham edir. Bütün proseslərina arxasında Yaxın Şərqdə yeni mənzərəni yaratmaq istəyən dövlətlərin aktivliyi dayanır. Onların bu niyyətlərinə çatacağını düşünmürəm.
Türkiyənin antiterror əməliyyatlarını prinsipial olaraq davam etdirməsi, hətta yenidən böyük bir antiterror əməliyyatına başlayacağını anons etməsi bu planların gerçəkləşməsinə mane ola bilər. Xüsusən də Suriya ilə bağlı Astana formatı çərçivəsində Türkiyə-Rusiya-İran əməkdaşlığı bölgədə yarana biləcək yeni təhdidləri müəyyən dərəcədə aradan qaldırır. Yaxşı olardı ki, ABŞ bölgədəki proseslərdə iştirak üçün terror qruplarına yanaşmada ikili münasibət sərgiləməsin", – deyə ekspert bildirib.