BAKI, 18 fevral - Sputnik. “Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra yeni dövr başlayır. İşğaldan azad edilmiş torpaqların bərpası üçün strategiya hazırlanıb”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Ankarada Türkiyə-Azərbaycan biznes forumunda deyib.
O, bildirib ki, artıq işlərə başlanılıb:
“Türkiyə şirkətləri artıq infrastruktur layihələrini icra etməyə başlayıb. Füzulidə tikiləcək hava limanının layihəsində də Türkiyə şirkətlərinin iştirakı nəzərdə tutulub. Ümumiyyətlə, bərpa işlərində nəzərdə tutulmuş bütün layihələrdə türk qardaşlarımızı görməkdən məmnun olacağıq”.
Əsədov qeyd edib ki, biznes dairələrinin birgə fəaliyyəti ölkələr arasında münasibətlərin daha da inkişafına təkan verəcək.
O, Türkiyə-Azərbaycan biznes forumu çərçivəsində imzalanan ikitərəfli sazişlərin iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verəcəyini deyib: “Azərbaycanın qarşıdakı 5 il üçün Milli Prioritetləri müəyyənləşdirilib. Bu prioritetlərin həyata keçirilməsində Türkiyə şirkətlərini görməkdən şad olarıq”.
Bu gün Ankarada keçirilən Türkiyə-Azərbaycan İş Forumu çərçivəsində Azərbaycan və Türkiyə arasında 11 saziş imzalanıb.
Sazişlər Azərbaycan və Türkiyə arasında iqtisadi-ticari və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlıdır.