BAKI, 17 fevral — Sputnik. Magistraturaya sənəd qəbulu davam edir. Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu fevralın 9-dan başlayıb və 18 fevral saat 23:59-dək davam edəcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.
“Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə bu linkə - http://eservices.dim.gov.az/erizemag/erize daxil olmaqla “Bakalavrın elektron ərizəsi” formasını doldurub təsdiq etmək lazımdır.
Xatırladaq ki, imtahan 2021-ci il fevralın 28-də keçiriləcək. Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.
Qeyd edək ki, 16 fevral saat 17:10-a olan məlumata əsasən, 13857 bakalavr ərizəsini təsdiq edib ki, onlardan 12632-si Azərbaycan, 1225-i rus bölməsi üzrədir.